Gömrük bəyannaməsində idxal edilən mallar üzrə əks olunan ƏDV məbləği necə hesablanır?

2026.01.09 11:43 (UTC+04:00)

İdxal edilmiş mallar üzrə ƏDV-nin hesablanması üçün öncə Vergi Məcəlləsinin 162-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri müəyyən edilməli, daha sonra hesablanmış məbləğə 18% ƏDV dərəcəsi tətbiq olunmalıdır. İdxal edilmiş malların ƏDV-yə cəlb olunan dəyəri 3 elementin cəmindən formalaşır: malların gömrük dəyəri, ödənilməli olan gömrük rüsumları və vergilər. Öncə bu anlayışları ayrıca aydınlaşdıraq.

Gömrük dəyərinin hesablanması Gömrük Məcəlləsinin 220 və 221-ci maddələrinə və “Gömrük tarifi haqqında” Qanunla uyğun olaraq tənzimlənir. Gömrük dəyəri həmin Qanunun 12-ci maddəsinə əsasən, gömrük dəyərinin müəyyən edilməsinin müvafiq ardıcıllığı gözlənilməklə, 6 üsulundan biri tətbiq edilməklə hesablanır. Gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən müəyyən olunur. Gömrük orqanının vəzifəli şəxsi qeyd edilən dəyərlə razılaşmadıqda gömrük dəyərinə təklif olunan düzəlişlə bağlı qarşı tərəfə bildiriş təqdim edir. Hesablanmış gömrük dəyəri Dövlət Gömrük Komitəsinin 31.10.2014-ci il tarixli 100/143 nömrəli sərəncamı ilə təsdiqlənmiş gömrük bəyannamələrinin doldurulması qaydasının metodikasına əsasən idxal gömrük bəyannaməsinin hər mal kodu üzrə 45-ci qrafasında əks etdirilir.

Misal 1: Vergi ödəyicisi sövdələşmə (invoys) dəyəri 15.000 dollar (25.500 manat) olan 1 mal kodunda (XİFMN üzrə) yer alan malları gömrük ərazisinə idxal edib. Bu zaman gömrük dəyəri həm sövdələşmə dəyərinə bərabər tutula bilər, həm Azərbaycan Respublikasına ixrac məqsədilə satılan eyni malların sövdələşmə qiyməti ilə, həm eynicinsli malların sövdələşmə qiyməti ilə, həm də digər üsullarla təyin oluna bilər. Düşünək ki, malların gömrük dəyəri gömrük orqanının vəzifəli şəxsinin bildirişi əsasında ehtiyat üsulla 30.000 manat hesablanıb.

Bundan sonrakı mərhələdə gömrük rüsumlarının hesablanmasına nəzər yetirək. İdxal əməliyyatları üzrə gömrük rüsumları və dərəcələrinin növləri “Gömrük tarifi haqqında” Qanunla müəyyən edilir. İdxal olunmuş mallar üzrə 5 növdə gömrük rüsumu tətbiq edilə bilər: idxal gömrük rüsumu, xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları, mövsümi rüsumlar. Gömrük rüsumlarının məbləği gömrük bəyannamələrinin doldurulması qaydasının metodikasına əsasən, gömrük bəyannaməsinin 47-ci qrafasında əvvəlki cümlədə qeyd olunan rüsum növlərinə müvafiq qaydada, 20, 21, 23, 24 və 26 ödəniş kodlarının qarşısında qeyd olunur.

Rüsum dərəcələrinin tətbiqi isə 3 formada həyata keçirilir: advalor, spesifik, kombinə edilmiş.

Advalor qaydada rüsumun hesablanması malların gömrük dəyərinə 0, 5 və 15 faiz dərəcələrindən birinin tətbiq edilməsi ilə həyata keçirilir.

Misal 2: Vergi ödəyicisi sövdələşmə (invoys) dəyəri 5.000 dollar (8.500 manat) olan 1 mal kodunda (XİFMN üzrə) yer alan keramik tikinti materiallarını gömrük ərazisinə idxal edib. Malların gömrük dəyəri 11.000 manat müəyyən olunub. Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarına əsasən, advalor qaydada 5 faiz dərəcə ilə rüsuma cəlb olunacaq. Hesablanmış rüsum məbləği 550 manat olacaq:

11.000 x 5% = 550 manat.

Spesifik qaydada rüsumun hesablanması malların miqdarına təyin olunmuş rüsum məbləğini tətbiq etməklə həyata keçirilir.

Misal 3: Vergi ödəyicisi sövdələşmə (invoys) dəyəri 6.000 dollar (10.200 manat) olan 1 mal kodunda (XİFMN üzrə) yer alan 8.000 litr qazsız su məhsullarını gömrük ərazisinə idxal edib. Malların gömrük dəyəri 12.000 manat müəyyən olunub. Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarına əsasən, spesifik qaydada hər litr üçün 0,3 ABŞ dolları olmaqla rüsuma cəlb ediləcək. Hesablanmış rüsum məbləği 4.080 manat olacaq:

(8.000 x 0,3) x 1,70 = 4.080 manat.

Kombinə edilmiş qaydada rüsumun hesablanması malların həm advalor, həm də spesifik qaydada rüsuma cəlb olunması anlamına gəlir.

Misal 4: Vergi ödəyicisi sövdələşmə (invoys) dəyəri 20.000 dollar (34.000 manat) olan 1 mal kodunda (XİFMN üzrə) yer alan 13 m3 ağac məhsullarını gömrük ərazisinə idxal edib. Malların gömrük dəyəri 40.000 manat müəyyən olunub. Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarına əsasən, kombinə edilmiş qaydada gömrük dəyərinin 5%-i, vahidinin isə hər m3 üçün 1.000 ABŞ dolları olmaqla rüsuma cəlb olunacaq. Hesablanmış rüsum məbləği 24.100 manat olacaq:

40.000 x 5% = 2.000 manat;
(13 x 1.000) x 1,70 = 22.100 manat;
2.000 + 22.100 = 24.100 manat.

ƏDV-yə münasibətdə idxal zamanı vergi tutulan idxalın dəyərində mallar üzrə hesablanmış aksiz vergisi də yer alacaq. İndi isə nümunə üzərindən idxalda ƏDV məbləğini hesablayaq.

Misal 5: Vergi ödəyicisi 2023-cü ildə sövdələşmə (invoys) dəyəri 1.268.784 türk lirəsi (110.637,96 manat) olan 1 mal kodunda (XİFMN üzrə) yer alan 21.384 litr enerji içkisini gömrük ərazisinə idxal edib. Malların gömrük dəyəri 113.867,97 manat müəyyən olunub. Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarına əsasən, spesifik qaydada hər litr üçün 0,3 ABŞ dolları olmaqla rüsuma, Nazirlər Kabinetinin 19.01.2001-ci il tarixli 20 nömrəli qərarına əsasən, hər litr üçün 3,1 manat aksiz vergisinə cəlb edilib. Müvafiq olaraq, 10.905,84 manat idxal rüsumu, 66.290,40 manat isə aksiz vergisi hesablanacaqdır.

Nümunədən məlumdur ki, malların gömrük dəyəri 113.867,97 manat, idxal rüsumu 10.905,84 manat, aksiz vergisi isə 66.290,40 manat olub. Vergi tutulan idxalın dəyəri 191.064,21 manat olacaq:

113.867,97 + 10.905,84 + 66.290,40 = 191.064,21 manat.

Həmin mallara görə hesablanmış ƏDV məbləği isə 34.391,56 manat olacaq:

191.064,21 x 18% = 34.391,56 manat.

ƏDV məbləği gömrük bəyannamələrinin doldurulması qaydasının metodikasına əsasən, gömrük bəyannaməsinin 47-ci qrafasında 32 ödəniş kodunun qarşısında qeyd edilir.

ƏDV ödəyiciləri tərəfindən ƏDV bəyannaməsinin 1 nömrəli Əlavəsində əldə edilmiş yük gömrük bəyannamələri haqqında məlumatlar daxil edilərkən gömrük bəyannaməsinin B qrafasında 32 ödəniş kodunun qarşısındakı ƏDV məbləğinin 18-ə bölünüb 100-ə vurularaq qeyd olunduğuna rast gəlirik. Bu yanaşma hər zaman doğru olmaya bilər. Çünki bir idxal əməliyyatı çərçivəsində həm 18% dərəcə ilə ƏDV-yə cəlb olunan, həm 0 dərəcə ilə ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad olunan mallar yer ala bilər. Bu zaman vergi tutulan idxalın dəyəri ayrı, ƏDV-dən azad əməliyyatların dəyəri isə ayrı hesablanaraq ƏDV bəyannaməsində daxil edilməlidir.