Azərbaycanda sosial islahatlar ardıcıl və kompleks şəkildə aparılır. Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Dövlətimizin əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllini daim diqqət mərkəzində saxladığını vurğulayan millət vəkili bildirib ki, Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Qeyd olunub ki, sosial qayğıya daha çox ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, o cümlədən məcburi köçkünlərin qarşılaşdıqları əsas problemlərin həlli, onların həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr Azərbaycanın iqtisadi gücünün təzahürüdür: "Ölkəmizdə sosial islahatlar ardıcıl və kompleks şəkildə aparılır. Təkcə onu demək kifayətdir ki, son bir ildə sosial sahədə aparılan islahatlar və sosial paketlər əhalinin təxminən 4 milyonunu əhatə edir. Bunların bir qismi əmək haqlarının artırılması, digər qismi sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlıdır".
Deputat vurğulayıb ki, sosial paketin həyata keçirilməsi üçün əvvəlcə qanunvericilikdə islahatlar aparılıb, sonra sosial xidməti yaxşılaşdırmaq üçün yeni operativ qurumlar formalaşdırılıb. Bundan başqa, müvafiq nazirliklərin tərkibində xidmət asanlaşdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən idarə və təşkilatlarda sosial müavinət alan vətəndaşlara xidmət səviyyəsi yüksəldilib: "Ölkəmizdə minimum əməkhaqqının məbləği 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Bu addım əhalinin aztəminatlı qisminin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm amildir. Bu proses mütəmadi olaraq davam etdiriləcək. Təbii ki, sosial islahatların aparılması ciddi maliyyə mənbəyi tələb edir. Azərbaycanın iqtisadiyyatı gücləndikcə, büdcə ehtiyatları imkan verdikcə əhalinin aztəminatlı təbəqəsi davamlı olaraq sosial paketdən yararlana biləcək".