MDB ölkələrinin vergi təhqiqatı orqanları rəhbərlərinin Koordinasiya Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək

2019.08.27 12:52 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyinin əməkdaşları Tacikistanda MDB ölkələrinin Vergi (maliyyə) təhqiqatı orqanları rəhbərlərinin Koordinasiya Şurasının 20-ci iclasında iştirak ediblər. Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı mübarizə Agentliyinin dəvəti ilə reallaşan səfərdə Azərbaycanı Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsinin rəis müavini Rövşən Abdullayev, həmin idarənin Planlaşdırma şöbəsinin dövlət vergi müfəttişi Cavanşir Seyidov və Beynəlxalq əlaqələr Baş İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin baş dövlət vergi müfəttişi Esmira Məmmədova təmsil ediblər.

Koordinasiya Şurasının və ekspertlərin iclaslarında Azərbaycan, Belarus, Ermənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan respublikalarının, Rusiya Federasiyasının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, iclasa müşahidəçi qismində Latviyanın Dövlət Gəlirləri Xidmətinin nümayəndələri də qatılıb.

İclas zamanı maliyyə-kredit sahəsində cinayətkarlığa qarşı mübarizədə üzv ölkələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər, eləcə də yalançı sahibkarlıq, vergidən yayınma və qəsdən müflisləşmə ilə mübarizə sahəsində ölkələrin qanunvericiliklərinin və təcrübələrinin xüsusiyyətləri barədə məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Tədbirdə MDB ölkələrinin vergi (maliyyə) istintaq orqanları tərəfindən iqtisadi təhlükəsizliyi təmin etmək sahəsində gördüyü işlər barədə məruzələr dinlənilib, aksizli malların qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı idarələrarası əməkdaşlıq təcrübəsi, o cümlədən xaricdən pul vəsaitlərinin geri qaytarılmaması və qanunsuz qumar oyunlarına qarşı mübarizə ilə əlaqədar cinayətlərin aşkarlanması, qarşısının alınması və araşdırılması üzrə işçi qrupun fəaliyyətinə dair müzakirələr aparılıb.

Bundan əlavə, Koordinasiya Şurasının 19-cu iclasının qərarlarının üzv ölkələr tərəfindən yerinə yetirilməsi və Şuranın fəaliyyəti haqqında hesabatlar, eləcə də iqtisadi təhlükəsizliyin təmin edilməsi üzrə hər bir üzv ölkənin fəaliyyəti barədə çıxışlar dinlənilib. Koordinasiya Şurasının 2019-2020-ci illər üçün iş planı təsdiq edilib və iclasın yekun protokolu imzalanıb.

Tədbirin sonunda iclas iştirakçıları, o cümlədən Azərbaycan nümayəndə heyətinin üzvləri Şuranın yubiley medalı ilə təltif ediliblər.

Qeyd edək ki, Koordinasiya Şurasının növbəti iclasının 2020-ci ildə Azərbaycanda keçirilməsi qərara alınıb.