Rəqəmsal transformasiya və süni intellekt: vahid standartlar niyə vacibdir? MƏQALƏ

2026.01.06 10:54 (UTC+04:00)

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində əsas hədəflərdən biri də süni intellekt üzrə dövlət standartlarının hazırlanmasıdır. İndiyədək bu sahədə beynəlxalq tələblərə əsaslanan 8 dövlət süni intellekt (Sİ) standartı qəbul olunub və qarşıdakı illərdə aktual istiqamətlər üzrə yeni Sİ standartlarının işlənməsi və təsdiqi planlaşdırılır. Süni intellekt ekosisteminin sağlam və etibarlı inkişafı baxımından bu standartların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Sözügedən standartlar informasiya dəqiqliyinin təmin edilməsinə, yanlış və qeyri-dəqiq məlumatların qarşısının alınmasına, süni intellekt sistemlərində şəffaflığın və etimadın artırılmasına, risklərin düzgün idarə olunmasına, eləcə də innovativ texnologiyaların təhlükəsiz və dayanıqlı şəkildə tətbiqinə xidmət edir.

Süni intellektdə vahid terminologiya

Süni intellektin sürətli inkişafı ilə birlikdə bu sahəyə aid çoxsaylı yeni terminlər ortaya çıxır. Lakin bu anlayışlar müxtəlif şirkətlər və qurumlar tərəfindən fərqli formada istifadə edildiyindən, ünsiyyətdə qarışıqlıq yaranır. Çox zaman eyni məna müxtəlif terminlərlə ifadə olunur ki, bu da anlaşmanı bir xeyli çətinləşdirir. Milli Süni İntellekt Mərkəzinin məhsul sahibi İbrahim Süleymanovvergiler.az”a açıqlamasında məhz bu məqama diqqət çəkir. Onun sözlərinə görə, süni intellekt terminlərinin dövlət qurumları və şirkətlər arasında düzgün və vahid formada işlədilməsi effektiv kommunikasiya üçün vacib şərtdir. Bu baxımdan, standartların tətbiqi yaranan anlaşılmazlıqların aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ölkəmizdə süni intellekt sahəsində qəbul edilən ilk dövlət standartı da məhz süni intellekt anlayışları və terminologiyasına həsr olunub. İ.Süleymanov bu standartlara əməl edilməsi ilə süni intellekt məhsullarını daha sürətli və təhlükəsiz şəkildə ərsəyə gətirməyin mümkün olduğunu deyir.

Süni intellekt terminlərinə dair qəbul edilmiş standartda 117 termin və 100 anlayışın izahı yer alıb. Bu da o deməkdir ki, həmin sənəd yalnız mütəxəssislər üçün deyil, daha geniş auditoriya üçün süni intellekt anlayışlarını vahid konsept çərçivəsində təqdim edir. Bir sözlə, vahid terminologiyanın formalaşdırılması və düzgün ünsiyyətin təmin edilməsi ilə media, dövlət qurumları və biznes strukturları süni intellekt mövzusunda eyni dildə danışır, bu sahədə yaranan anlaşılmazlıqlar isə əhəmiyyətli dərəcədə azalır.

Süni intellektdə risklər və onları azaldan mexanizm

Süni intellekt nə qədər rahat və işlərimizi asanlaşdıran bir texnologiya olsa da, onunla bağlı risklər də gözardı edilməməlidir. Xüsusilə kontent hazırlanması zamanı yanlış və ya qeyri-dəqiq məlumatlarla rastlaşmaq mümkündür. Eyni zamanda, süni intellekt agentlərinin tapşırıqların icrası prosesində səhvlərə yol verməsi ehtimalı da mövcuddur. Buna görə də standartlar süni intellekt sistemlərində risklərin azaldılmasına xidmət edir, qərəzli nəticələrin qarşısının alınmasına, hüquqi məsuliyyət məsələlərinin daha aydın çərçivədə müəyyən edilməsinə və texniki səhvlərin idarəolunan hala gətirilməsinə imkan yaradır.

ISO standartları ilə qlobal süni intellekt ekosisteminə inteqrasiya

Milli Süni İntellekt Mərkəzinin nümayəndəsinin dediklərinə əsasən, beynəlxalq təcrübədə süni intellekt də daxil olmaqla bir çox sahə üzrə ISO standartları mövcuddur və bu standartlar qlobal səviyyədə geniş tətbiq olunur. Bu baxımdan, süni intellekt sahəsində qəbul edilən yeni standartlar da ölkəmizin reallıqları nəzərə alınmaqla bu standartlara adaptasiya olunub. İ.Süleymanov vurğulayır ki, beynəlxalq şirkətlərlə əməkdaşlıqda bu standartlara cavab verən tərəfdaşlarla işləmək tələbi tez-tez irəli sürülür. Məhz bu səbəbdən, yerli şirkətlər də fəaliyyətlərini beynəlxalq standartlara uyğun şəkildə qurmağa çalışırlar. Bu yanaşma həm əməkdaşlıq imkanlarını genişləndirir, həm də şirkətlərin bazardakı mövqeyini gücləndirir. Mütəxəssis bildirir ki, əgər bir şirkətin adının yanında beynəlxalq keyfiyyət sertifikatı mövcuddursa, bu, həmin şirkətin etibarlılığını və güvənliyini təsdiqləyən mühüm göstərici kimi qəbul olunur. Şirkətlər və tərəfdaşlar bu sertifikatı gördükdə, ilk növbədə, həmin qurumda daxili proseslərin müvafiq standartlara uyğun aparıldığı qənaətinə gəlirlər. Məsələn, yerli bazarda hazırlanmış bir süni intellekt proqramı və ya startap beynəlxalq keyfiyyət standartlarına cavab verirsə, bu layihə avtomatik olaraq qlobal səviyyədə tanınma potensialı qazanır. Belə yanaşma beynəlxalq tərəfdaşlara həmin məhsulun və ya sistemin beynəlxalq tələblərə uyğun qurulduğunu və qlobal ekosistemin tərkib hissəsi olduğunu göstərir.

Beləliklə, ISO və digər qlobal standartlara uyğunlaşma Azərbaycanın süni intellekt ekosistemində beynəlxalq uyğunluğun təmin edilməsinə və rəqabət üstünlüyünün formalaşmasına xidmət edir. Bu proses yerli şirkətlərin beynəlxalq bazarlarda daha rəqabətli mövqeyə malik olmasına, eyni zamanda ölkənin süni intellekt sahəsində qlobal inteqrasiyasının sürətlənməsinə zəmin yaradır.

Standartlarla formalaşan etibarlı ekosistem

Sözsüz ki, standartların tətbiqi ilə süni intellekt sahəsində daha etibarlı və şəffaf ekosistem formalaşır ki, bu da vətəndaşların süni intellekt texnologiyalarına olan etimadını artırır, dezinformasiya və yanlış məlumatların yayılmasını minimuma endirir. Bundan əlavə, standartlar süni intellektin etik və təhlükəsiz şəkildə tətbiqinə zəmin yaradır. İnsan hüquqlarının qorunması, şəxsi məlumatların məxfiliyi və sosial məsuliyyət kimi əsas prinsiplər bu çərçivədə ön planda saxlanılır. Bu da sirr deyil ki, standartlaşma innovasiya proseslərini sürətləndirən amillərdən biridir. Belə ki, şirkətlər və startaplar süni intellekt həllərini düzgün, ölçülə və audit edilə bilən formatda tətbiq etdikcə, yeni texnoloji məhsulların hazırlanması daha sistemli və sürətli şəkildə həyata keçirilir. Nəticə etibarilə texnoloji inkişaf stimullaşır, bununla da bazarda etibarlı və davamlı həllər daha çox gözə dəyir.

Faiq KƏRİMOĞLU