Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb

2025.12.30 16:39 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, habelə “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınıb ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılsın.

Fərmanla “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Müəyyən edilib ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.