2025-ci ilin 11 ayı ərzində xarici ticarət balansının müsbət saldosu açıqlanıb

2025.12.30 14:19 (UTC+04:00)

Ölkə iqtisadiyyatının və ixracın şaxələndirilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilir. 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq 3.317,0 mln. ABŞ dolları təşkil edib. Cari ilin sonuna bu göstəricinin müstəqillik tarixinin ən yüksək səviyyəsinə çatması gözlənilir.

Qeyd edək ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi cari ilin yanvar-noyabr aylarında 5.041,6 mln. ABŞ dolları həcmində qızıl idxal olunub.

Qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlı olmadığından, idxalın dinamikasının və ya daxili tələb ilə bağlı olan idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır.

Qızıl idxalı nəzərə alınmadan cari ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 7.254,5 mln. ABŞ dolları olub. Qızıl idxalı istisna olmaqla idxalın həcmi isə 16.146,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,5% artım deməkdir.