Yükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi?

2026.01.09 17:29 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 221.4.7-ci maddəsində edilmiş dəyişikliklərə əsasən, yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı”nın alınması üçün verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi tələb edilmir və qeyd olunan öhdəliklər həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş ümumi qaydada yerinə yetirilir.

Qeyd olunan tarixdən ölkə ərazisində yük daşımalarını həyata keçirən vergi ödəyiciləri vergi öhdəliklərini sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ olduqda sadələşdirilmiş verginin (2 faiz) və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi, habelə könüllü və ya dövriyyəsindən asılı olaraq məcburi ƏDV qeydiyyatına alınmaqla yerinə yetirirlər.

Bununla yanaşı, yükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi tərəfindən yüklərin daşınması zamanı xidmətin alıcısına elektron qaimə-faktura təqdim edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən, işləri görən və xidmətləri göstərən vergi ödəyiciləri elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim (tərtib) etməlidirlər.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı, 71-1-ci və 221-ci maddələri ilə tənzimlənir.