Toyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi?

2025.12.26 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, heyvan və quş ətinin, o cümlədən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətinin satışı Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən ƏDV-dən azad olunan əməliyyatdır və həmin məhsulların idxalı zamanı ödənilən ƏDV məbləği əvəzləşdirilmir, əvəzləşdirilməyən ƏDV məbləğləri məhsulun dəyərinə aid edilir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 159.8-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azad olunan əməliyyatlar ƏDV tətbiq edilməklə aparıldığı halda, bu əməliyyatlar ƏDV tutulan əməliyyat sayılır.

Sorğuda göstərilən halda, satışı ƏDV-dən azad olunan quş ətinin ƏDV tətbiq edilməklə satılması Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat sayılır və tam satış dəyərindən 18 faiz ƏDV hesablanır. Bu zaman ƏDV tətbiq edilməklə satılan quş ətinin idxalına görə ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 159-cu, 164-cü və 175-ci maddələri ilə tənzimlənir.