2025-ci ilin may ayında Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanun qüvvəyə minib. Adıçəkilən normativ-hüquqi aktlara edilmiş dəyişikliklərə əsasən, hüquqi şəxslərin benefisiar mülkiyyətçi haqqında məlumatın açıqlanmasına dair yeni öhdəliklər müəyyən edilib. Qanunvericilikdə yeni olan və hüquqi şəxsə təsir edən, bütün hüquqi və xarici qurumları əhatə edən “nəzarət və (və ya) mülkiyyət zənciri” anlayışı əksini tapıb.
Bu yenilikləri “vergiler.az”a “Ekspert SM Bookkeeping and Consulting” MMC-nin əməkdaşı Afaq Əliyeva şərh edir.
Benefisiar mülkiyyətçiyə dair məlumatın açıqlanması sahəsində mövcud olan beynəlxalq standartlara və beynəlxalq praktikaya uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyinə edilən bu dəyişikliklərin məqsədi cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində yeni, effektiv nəzarət mexanizmlərinin yaradılmasından ibarətdir.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklərə görə, hüquqi şəxslər üçün müəyyən edilmiş öhdəliklərə aşağıdakılar aiddir:
1. Hüquqi şəxsin benefisiar mülkiyyətçisi, habelə onun nəzarət və (və ya) mülkiyyət zənciri barədə dürüst, dəqiq və yenilənmiş məlumatları bilmək və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmaq;
2. Hüquqi şəxsin benefisiar mülkiyyətçisi, habelə onun nəzarət və (və ya) mülkiyyət zənciri barədə məlumatları özündə əks etdirən sənədləri (o cümlədən elektron sənədləri) qanunla müəyyən edilmiş qaydada və müddətdə saxlamaq;
3. Hüquqi şəxsin benefisiar mülkiyyətçi, habelə onun nəzarət və (və ya) mülkiyyət zənciri barədə məlumatları və sənədləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə təqdim etmək (qanunvericilkdə bununla bağlı konkret müddətlər müəyyən edilib);
4. Hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə aşağıdakı məlumatları hüquqi şəxslərin dövlət reyestrinə təqdim etmək:
- soyadı, adı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;
- vətəndaşlığı;
- yaşayış yeri;
- birbaşa və ya dolayı benefisiar mülkiyyətçi olması;
- Hüquqi şəxsə təsir hüquqlarının və ya imkanlarının dairəsi və əsası;
- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması haqqında məlumat;
- Hüquqi şəxsin benefisiar mülkiyyətçisinin müəyyən edilməsinə qədər nəzarət və (və ya) mülkiyyət zəncirində mövcud olan bütün hüquqi şəxslərin və xarici hüquqi təsisatların adı, dövlət qeydiyyatına alındığı ölkə, qeydiyyat nömrəsi, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payı;
- Hüquqi şəxs statusu almaq istəyən qurumun adından hərəkət edən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış etdikdə, bu barədə məlumat.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1-ci maddəsinə görə, hüquqi şəxsin benefisiar mülkiyyətçisi dedikdə:
• nizamnamə kapitalının 10 faizi və daha çox hissəsinə birbaşa və ya dolayı yolla sahib olan;
• səsvermə hüquqlarının azı 10 faizinə malik olan;
• qərarların qəbulu prosesinə əhəmiyyətli təsir göstərən;
• konkret benefisiarın müəyyən edilməsi mümkün olmadıqda - hüquqi şəxs üzərində faktiki rəhbərliyi və ya nəzarəti həyata keçirən;
• xarici hüquqi qurumlara (məsələn, trastlara) nəzarət edən fiziki şəxs (və ya şəxslər) başa düşülür.
Nəzarət və (və ya) mülkiyyət zənciri dedikdə isə hüquqi şəxs və (və ya) xarici hüquqi təsisatın birinin digərini təsis etməsi, idarə etməsi, birinin digərinə nəzarət etməsi, birinin digərinin paylarına (səhmlərinə) sahib olması və (və ya) xarici hüquqi təsisatın təsis əqdinin tərəfi (xarici hüquqi təsisat təsisçisi, idarəçisi, benefisiarı (benefisiarlar qrupu), təminatçısı) və ya hüquqi şəxs və xarici hüquqi təsisat üzərində son nəticədə effektiv nəzarəti həyata keçirən digər şəxs olması başa düşülür.
Qanunvericilikdə edilmiş dəyişikliklər qüvvəyə minənədək (15 may 2025-ci il) dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər tərəfindən öz benefisiar mülkiyyətçisinin müəyyən edilməsi və bu barədə məlumat və sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə təqdim olunması üçün aşağıdakı müddətlər müəyyən edilib:
• iri sahibkarlıq subyektləri üçün - 31 dekabr 2025-ci il tarixinədək;
• orta sahibkarlıq subyektləri üçün - 30 iyun 2026-cı il tarixinədək;
• kiçik sahibkarlıq subyektləri üçün - 31 dekabr 2026-cı il tarixinədək;
• mikro sahibkarlıq subyektləri üçün - 31 dekabr 2027-ci il tarixinədək;
• qeyri-hökumət təşkilatları və dini qurumlar üçün - 30 iyun 2026-cı il tarixinədək.
Yeni dəyişikliklərlə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna 14-1-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, benefisiar mülkiyyətçiyə dair təqdim edilmiş məlumatların düzgünlüyünün maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması aşağıdakı qaydada həyata keçiriləcək:
• Benefisiar mülkiyyətçi barədə reyestrə daxil edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 5 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edilir;
• Maliyyə monitorinqi orqanı reyestrə daxil edilmiş benefisiar mülkiyyətçi məlumatlarının dövlət orqanlarına (qurumlarına), habelə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun ilə müəyyən edilmiş öhdəlik daşıyan şəxslərə, auditor xidməti göstərən şəxslərə, qeyri-hökumət təşkilatlarına və dini qurumlara, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə sorğu verməklə, açıq mənbələrdən araşdırma aparmaqla, habelə qanunvericilkdə nəzərdə tutulmuş məlumatlardan istifadə etməklə yoxlanılmasını təmin edir;
• Reyestrə daxil edilmiş məlumatın doğruluğuna dair şübhələr olduqda, maliyyə monitorinqi orqanı hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı məlumatlara dair təsdiqedici sənədlərin əldə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu verir. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsdən aidiyyəti sənədlərin təqdim olunmasını tələb edir və təqdim olunmuş sənədləri maliyyə monitorinqi orqanına təqdim edir;
• Maliyyə monitorinqi orqanı aparılmış təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını müəyyən edərsə, hüquqi şəxsin həqiqi benefisiar mülkiyyətçisinin müəyyən edilməsindən ötrü zəruri tədbirlər görür;
• Maliyyə monitorinqi orqanının təqdim etdiyi məlumatlar əsasında reyestrə lazımi dəyişikliklər edilir.
Hüquqi şəxsin benefisiar mülkiyyətçisinə dair məlumatların konfidensiallığının qorunması müvafiq qaydada təmin edilir. Tələb olunan məlumatların təqdim edilməməsinə görə qanunvericilikdə hüquqi şəxslərə inzibati cərimələrin və digər sanksiyaların tətbiq edilməsi də nəzərdə tutulub.
Benefisiar mülkiyyətçi haqqında məlumatın açıqlanmasına dair müəyyən edilmiş yeni qaydalar ölkəmizdə biznes mühitinin şəffaflığının yeni səviyyəsini formalaşdırır. Bu, təkcə cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi baxımından deyil, həm də sahibkarlıq mühitinin dayanıqlı inkişafı üçün əhəmiyyətlidir. Ümid edirik ki, yeni qaydalar daha etibarlı, şəffaf və təhlükəsiz korporativ idarəetmə sisteminin yaradılmasına öz töhfəsini verəcək.
Məqalədə qeyd olunanlar barədə daha ətraflı məlumatı aşağıdakı keçiddən istifadə etməklə əldə etmək olar: https://president.az/az/articles/view/68807
Məsləhətçi: İlham Atayev, “Expert-SM Ltd” MMC-nin direktor müavini