Prezident İlham Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib

2025.12.23 16:30 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.

“Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.

Dövlət başçısı Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini də qoyub.

“Saloğlu Qarabağ” MMC-nin təsisçisi Tacəddin Mustafayev dövlətimizin başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verdi.

Bildirildi ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

AZƏRTAC