Ticarət və kənd təsərrüfatı sektorunda sığorta sisteminin inkişafı üçün zəruri addımlar atılmalıdır

2019.08.26 18:10 (UTC+04:00)

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı "Report"a açıqlamasında bildirib ki, bunun bir neçə səbəbi var: "Daşınmaz əmlakın icbari sığortasını mülkiyyətçi - əmlak sahibi etməlidir. Mülkiyyətçi həmin ticarət mərkəzinin sahibidir, ticarət mərkəzindəki mağazaları işlədənlər isə icarəçilərdir. Təəssüf ki, bir çox hallarda həmin mağazaların nə rəsmi sənədi var, nə də icarəyə verilməsi ilə bağlı rəsmi müqaviləsi. Əgər əmlak sahibi obyekti sığorta etməyibsə belə, icarə müqaviləsi əsasında mağazanı işlədən sahibkar da əmlakı icbari sığorta etdirə bilər.

Amma real vəziyyət necədir? Adətən bu cür ticarət mərkəzlərində şərti olaraq sığorta ilə müqavilə bağlanır ki, Fözvqəladə Hallar Nazirliyi gələndə sığorta olunması barədə sənəd göstərə bilsinlər. Yəni 20-30 milyonluq ticarət mərkəzi 100-200 minə, yaxşı halda bir milyon manata sığortalanır. Hər hansı hadisə baş verəndə də sahibkara dəymiş ziyan normal qaydada ödənilmir".

Ekspert əlavə edib ki, daşınmaz əmlakın icbari sığortası yalnız daşınmaz əmlakı - binanın özünü, konstruksiyalarını, qapı-pəncərəsini, döşəmə tavanını, təmirini və s. əhatə edir: "İcarəçilərin satdığı, yaxud anbarlarda olan mallara isə həmin sığortanın heç bir aidiyyəti yoxdur. Malları sahibkar istəsə özü könüllü qaydada sığortalaya bilər".

X.Məmmədxanlının sözlərinə görə, sahibkarların buna maraq göstərməməsinin də müəyyən səbəbləri var: "Təəssüflər olsun ki, Azərbaycanda illərdir vergi, gömrük sahələrində şəffaflaşma, hesabatlılıqla bağlı iş aparılsa da, hələ də bəzi ticarət obyektlərində satılan malların reyestri, uçotu yoxdur. Vətəndaşdan soruşsan ki, sənin mağazanda olan malın məbləği nə qədərdir, hardan, neçəyə gətirmisən, o, heç bir rəsmi sənəd təqdim edə bilməyəcək. Çünki Çindən, Türkiyədən çemodanla gətirib vergidən, uçotdan yayındırılmaqla satılan mallardır. Sahibkar həmin mağazanı sığortalamaq istəyəndə, sığorta şirkəti haqlı olaraq deyəcək ki, mənə mağazada, anbarda olan malların siyahısını təqdim elə, onların maya dəyərini sənədlə göstər. Bu, sığorta şirkətinə ona görə lazımdır ki, sabah yanğın baş verəndə həmin sənədlər əsasında sahibkara pul ödəsin. Həmin malların ölkəyə girişi ilə bağlı bəyannamə, gömrük qiymətləndirməsi olsa, sığorta şirkəti də həmin qiymətləri əsas götürərək, sabah hadisə baş verəndə həmin zərəri ödəyə bilər".

Məsələnin daha bir problemli tərəfi sığorta şirkətlərinin bir sıra ticarət obyektlərindəki mağazaları sığorta etməyə maraqlı olmamalarıdır. Ekspert bildirir ki, bunun səbəbi "Binə", "Sədərək" kimi ticarət mərkəzlərində heç bir yanğın təhlükəziliyi qaydalarına riayət olunmamasına görə risk faktorunun yüksək olması ilə əlaqədardır: "Orada heç bir texniki təhlükəsizlik tələblərinə əməl olunmur, çalışanların yanğın təhlükəsizliyi təlimatlarından xəbəri yoxdur, ən kustar üsullarla elektrik naqilləri çəkilib, texniki təhlükəsizlik tələblərinə cavab verməyən qızdırıcılardan və digər cihazlardan istifadə olunur. Bütün bunlar yanğın riskini artırdığına görə, sığorta şirkətləri belə obyektləri sığortalamağı arzu etmirlər. Ona görə də burada problem sığorta şirkətlərindən qaynaqlanmır. Amma şəhərin mərkəzində yerləşən "Park Bulvar", "Gənclik Mall" kimi ticarət mərkəzlərindəki sahibkarlar mallarını sığorta etdirmək istəsələr, sığorta şirkətləri məmnuniyyətlə razılaşarlar. Çünki orada texniki təhlükəsizlik tələblərinə əməl edilir, dükanlar normal şəraitdə fəaliyyət göstərir, mühafizə olunur, yanğın briqadaları var və s. Belə olan halda, həm əmlakın özünü, həm də içərisindəki malları sığortalamaq mümkündür".

X.Məmmədxanlı bildirir ki, sığorta ilə bağlı eyni problemlər aqrar sektorda da var: "Məsələn, fermer müraciət edir ki, mən mal-qaramı, təsərrüfatımı, tövləmi sığorta etdirmək istəyirəm. Amma gedib baxırsan ki, mal-qara elə şəraitdə saxlanılır ki, adamın heyvanlara yazığı gəlir. Vaxtında peyvənd vurulmur, baxanda görürsən ki, bu gündən sabaha sağ çıxa, ya çıxmaya. Yaxud da bitkiçilikdən söhbət gedirsə, vaxtında dərmanlama aparılmır, alaq otu edilmir və s. Buna görə də sığorta şirkətləri bu cür sığortalamadan yayınırlar. Çünki sığorta risk idarəetməsidir və hadisənin baş verəcəyi ehtimalı böyükdürsə, sığorta şirkətləri ora yaxın getmək istəmirlər".