Suverenliyin zəfər yoluna həsr olunmuş kitab Konstitusiya və Suverenlik ilinə layiqli hədiyyədir MƏQALƏ

2025.12.23 11:47 (UTC+04:00)

XX əsrin 80-ci illərinin sonlarında Ermənistan Respublikası “Böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycan Respublikasına qarşı ərazi iddiası ilə çıxış etməyə başladı. Ermənistan bu məqsədinin həyata keçirilməsi məqsədilə SSRİ-nin o zamankı bədnam rəhbəri M.Qorbaçovun məqsədyönlü xain fəaliyyəti, o cümlədən sovet ordu birləşmələrinin bilavasitə iştirakı ilə ölkəmizə qarşı təcavüzkar müharibənin aparılması istiqamətində birbaşa hərəkətə keçdi. Keçid dövrünü yaşayan Azərbaycanın o zamankı siyasi rəhbərliyinin səriştəsizliyi, ölkəmizin həm də daxili çəkişmələr meydanına çevrilməsi bu problemin vaxtında qarşını almağa mane oldu. Bu vəziyyətdən istifadə edən Ermənistan dövləti öz ərazilərində etnik təmizləmə siyasətini həyata keçirərək azərbaycanlı əhalini öz əzəli doğma yurd-yuvasından didərgin saldı, ardınca isə havadarlarının dəstəyi ilə Azərbaycan Respublikasına qarşı təcavüz etməklə torpaqlarımızın 20%-ni işğal edə bildi.

Silahlı təcavüzün bütün əlamətlərinin göz önündə olmasına baxmayaraq, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT-nin Təhlükəsizlik Şurası daimi üzvlərinin bir neçəsinin Ermənistanı dəstəkləməsi üzündən işğalçı dövlətə qarşı birbaşa sanksiyalar nəzərdə tutan qətnamələr deyil, yalnız sülhə çağırışları özündə ehtiva edən 822, 853, 874 və 884 saylı qətnamələrini qəbul etdi.

Münaqişənin sülh yolu ilə həll olunmasına istiqamətlənmiş danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyi və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti ucbatından heç bir nəticə vermədi. Əvvəlcə azərbaycan xalqının Ümummilli Lideri, mərhum Prezident Heydər Əliyevin, ardınca isə Ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin reallıqlara əsaslanan, Ermənistan üçün bir sıra imkanlara, o cümlədən, iqtisadi inkişafa yönəlik təklifləri səbatsız Ermənistan rəhbərləri tərəfindən düzgün qiymətləndirilə bilinmədi, sülh danışıqları Ermənistan rəhbərlərinin yeni torpaqlar ələ keçirmək iddiasının qarşısının alınması, səmərəsiz dialoq prosesinə son qoyulması üçün dayandırıldı.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan, cənab Prezident tərəfindən torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın sülhə məcbur edilməsi tapşırığını aldı. Azərbaycanın rəşadətli əsgər və zabitləri Ali Baş Komandanın böyük sərkərdəlik məharəti ilə Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdi, torpaqlarımız Silahlı Qüvvələrimizin sücaəti, qəhrəman şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edildi.

Azərbaycan xalqı artıq 5-ci ildir ki, şanlı Zəfərin ildönümünü qeyd edir və növbəti uğurlara doğru inamla addımlamağı davam edir. Möhtərəm Prezidentin qeyd etdiyi kimi, bizim Zəfərimizin tarixi, onun hər bir günü öyrənilir və öyrənilməlidir. Bunun üçün alimlərimiz, yazıçılarımız, yaradıcı insanlarımız daim axtarışda olmalı, Qələbəmizin əldə olunmasının əsaslarını, onun köklərini, bizi Zəfərə aparan yaradıcı qüvvəni, bu qüvvəni istiqamətləndirən müzəffər Ali Baş Komandanın fəaliyyətini hərtərəfli təhlil etməlidirlər.

Hüquq mühafizə və məhkəmə orqanlarında böyük təcrübəyə malik olan, eyni zamanda, beynəlxalq hüquq sahəsi üzrə tanınmış alim olan Vəfaddin İbayevin “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı məhz bu aktual mövzuya həsr olunmuş yaradıcılıq əsəridir. Kitab 44 günlük Vətən müharibəsi dövründə möhtərəm Prezident İlham Əliyevin xalqımıza müraciətlərinin, çıxışları və müsahibələrinin elmi-təcrübi təhlilinə həsr olunmuşdur. Kitabın adında qeyd edildiyi kimi, təhlillər, əsasən, üç istiqamətdə - reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər üzrə aparılmışdır. Lakin əsərlə tanışlıq göstərir ki, müəllifin tədqiqatları daha çox istiqaməti əhatə edir, təhlillər özündə həm də fəlsəfi, dini, hərbi, mənəvi, psixoloji, siyasi məsələləri əks etdirir, yeri düşdükcə, bədii əsərlərə, şeirlərə də müraciət edilir.

Müəllif Prezidentin hər bir çıxışına uyğun olaraq ona öz yanaşma üsulunu müəyyən edir, bəzən eyni çıxışdakı məsələləri bir prizmadan deyil, bir neçə kontekstdən şərh edir, lakin əldə olunan son nəticə bir məqsədə - cənab İlham Əliyevin dövlət başçısı, sərkərdə, əsl lider kimi düzgün mövqe seçməsi, hadisələrin mərkəzində dayanaraq müxtəlif, qarşı-qarşıya duran məqamlardan və onların qarşılıqlı kombinasiyalarından istifadə edərək şəraitə uyğun məqsədyönlü və ədalətli qərar qəbul etməsinin təsdiqinə xidmət edir. Təqdirəlayiq haldır ki, müəllifin yanaşmaları süni, pafoslu sözlərə deyil, elmi əsası olan faktlara, təcrübədə özünü təsdiq edən yanaşmalara, məntiqi və müqayisəli təhlilə əsaslanır. Bu baxımdan gəlinən qənaətlər, çıxarılan nəticələr inandırıcılığı, hamı tərəfindən qəbul edilməkliyi və elmi əsaslılığı ilə diqqəti cəlb edir.

Vəfaddin İbayev Ermənistan - Azərbaycan münaqişəsinin həlli üzrə reallaşan ideyaların təsnifatını birbaşa aparmasa da, onun yanaşmasından bunların əsas və aralıq ideyalara ayrılmasını yəqin etmək mümkündür. Müəllif yanaşmalarında əsas ideya kimi Ulu Öndər Heydər Əliyev və möhtərəm Prezident İlham Əliyevin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməli olması, işğalçı erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması, məcburi köçkünlərin doğma yurd yuvalarına qayıtmasını əsas götürür. Bu ideyaların realizəsi üçün aralıq ideyalar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanda ordu quruculuğunun tamamlanması, Silahlı Qüvvələrdə, vətəndaşlarımızda, xüsusən, gənc nəsildə vətənpərvərlik hisslərinin yüksəldilməsi, Ermənistanı dəstəkləyən dövlətlərin neytrallaşdırılması, dost və qardaş dövlətlər ilə münasibətlərin qarşılıqlı maraqlar əsasında daha da inkişaf etdirilməsi, beynəlxalq təşkilatlardan Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qətnamə, qərar və digər müvafiq sənədlərin qəbul edilməsinə nail olunması kimi formalaşdırılır.

Nəzəri cəlb edən məqam həm də ondan ibarətdir ki, Prezidentin hər çıxışı təhlil olunduqca qeyd olunan ideyaların realizəsi sanki göz önünə gəlir. Bunun üçün çəkilən zəhmət, aparılan məqsədyönlü fəaliyyət, əldə edilən nəticələr əsərdə ardıcıl surətdə, bir-bir təqdim olunur: İlkin olaraq Heydər Əliyev Azərbaycanda sarsılmaz təmələ malik olan demokratik hüquqi dövlətin qurulmasını başa çatdırdı, Azərbaycanın müstəqil dövlət kimi dünya birliyində yerini müəyyən etdi, Azərbaycanın beynəlxalq təşkilatlarda tamhüquqlu üzv kimi iştirakını, dünyanın əksər dövlətləri ilə qarşılıqlı əməkdaşlığını təmin etdi, Azərbaycan, xüsusən, Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yol açdı, Azərbaycanın iqtisadi cəhətdən inkişafı üçün möhkəm zəmin yaratdı, Azərbaycan xalqının yeni nəslinin vətənpərvərlik, xalq və torpaq sevgisi ruhunda yenidən tərbiyə olunması, Azərbaycan gənclərinin yüksək təhsil alması, Azərbaycan Ordusunun dünya standartlarına uyğun təlimə cəlb olunması və s. mühüm məsələlərin həlli təmin edildi. İlham Əliyev hazırlanmış möhkəm təməl üzərində ləyaqətlə dayanaraq Heydər Əliyevin siyasətini, onun qoyduğu yolu davam etdirərək daha cahanşümul nailiyyətlər qazandı. İlk növbədə, Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın haqqa əsaslanan mövqeyinin hüquqi bazası daha da möhkəmləndirildi: dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı; tarixi ədalətin Azərbaycanın tərəfində olmasını –işğal olunmuş ərazilərin azərbaycanlıların dədə-baba torpağı olmasını dünyanın əksər dövlətləri etiraf etməli oldu; beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək, dövlətimizin ərazi bütövlüyünü tanıdı; beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu aydın surətdə təsbit olundu. Münaqişə tərəfi kimi Ermənistan Respublikasının Azərbaycan ərazilərini işğal etməsində iştirakı və işğal olunmuş ərazilər üzərində nəzarəti həyata keçirməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə sübuta yetirildi.

Müəllif Zəfərimizi şərtləndirən digər vacib amillərdən biri kimi düzgün olaraq Azərbaycan əsgərinin mübarizliyini, azadlıq uğrunda döyüş əzmini, sərkərdəyə olan böyük inamını önə çəkir: İkinci Qarabağ müharibəsində hər bir Azərbaycan əsgərinin taleyi, ümumən, Azərbaycan xalqının taleyinin kiçik bir nümunəsinə çevrildi. Azərbaycan əsgəri coğrafi relyef baxımından ondan xeyli yüksəklikdə əlverişli mövqe tutmuş düşmənin top mərmilərinin, güllələrin başı üzərindən yağdırılmasına baxmayaraq, Vətən uğrunda hədsiz bir ruhla irəliyə doğru addımladı. O, ali etiqada sahib idi: bu, onun düşməni doğma torpaqlardan son nəfərinə qədər qovmağa nail olmaq kimi böyük bir missiya idi; həm də təkcə torpaqları azad etmək deyil, Azərbaycan xalqının qüvvəsinin daha heç bir yerdə və heç bir zaman sarsıdılmasının mümkün olmamasına dair olan etiqadı idi. Bu etiqadı Azərbaycan xalqı və onun Ali Baş Komandanı heç də yüksək texnologiyalı silahlar, toplar və ya tanklarda deyil, Azərbaycan əsgərinin gözlərində, sözlərində, hərəkətlərində, keçilməz dağ cığırları ilə uzun bir yol dəf etdikdən sonra taqətdən düşməyən, ardınca Şuşanın sıldırım qayalarına qalxıb düşmənlə əlbəyaxa döyüşlərdə qazandığı qələbədə gördü. Azərbaycan əsgəri özünü hər bir çətinliyi dəf etməyə hazır mübariz, əsl qalib kimi nümayiş etdirdi. Müharibə zamanı heç bir fərarilik faktı qeydə alınmadı.

Bu, təsadüfi deyildi. Çünki dövrümüzün dahi sərkərdəsi İlham Əliyev Azərbaycan əsgəri ilə zabitləri arasında maraq ümumiliyinin sabitliyi üçün daim çalışmış, Silahlı Qüvvələrin qida, döyüş sursatı, geyim və s. zəruri ehtiyaclarının təmin olunmasını həmişə nəzarətdə saxlamış, əsgərlərin sağlamlığına xüsusi diqqət yetirmişdir. Buna görə də Ali Baş Komandan əsgər və zabitlərin həqiqi sevgisini qazanmışdı və onlar da öz vəzifələrini şüurlu surətdə, qəlbən yerinə yetirirdilər. Vaxtilə Çingizxan demişdir: “Çoxlu adamları özünə tabe edirsənsə, əvvəl onların qəlbinə sahib ol; Qəlblərinə sahib olduğun adamlar səni heç vaxt tərk etməyəcəklər”.

Bəli, Vətən müharibəsi günlərində Ali Baş Komandanın iradəsi bir məqsədə - qələbəyə doğru istiqamətlənmişdi. Və İlham Əliyevin rəhbərliyi altında ard-arda qələbə və müvəffəqiyyətlər əsgər və zabitlərdə inam, qətiyyət və bitməyən enerji yaratmışdır. Ali Baş Komandan əsgər və komandirlər arasında maraq birliyinin olmasına xüsusi önəm vermiş, çətin relyef şəraitində Azərbaycan Ordusunun irəliyə doğru hərəkətini Azərbaycan əsgəri, zabiti və generalının yüksək peşə hazırlığı ilə əlaqələndirmişdir: Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah, sona qədər irəliyə gedəcəyik. Dövlət başçısı bu inamında haqlı idi və bu birlik məhz onun özü tərəfindən təmin edilmişdi.

Vəfaddin İbayev Prezidentin hər bir çıxışını hüquqi əsaslara münasibətdə təhlil edərkən həm dövlətdaxili, həm də beynəlxalq hüquqa əsaslanmışdır. Onun tədqiqatçı alim olaraq Ermənistan - Azərbaycan münaqişəsi ilə məşğul olması, bu sahədə elmi məqalə və kitabların müəllifi olması əsərdə verilən istinadlarda da özünü göstərir. Müəllifin beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının fəaliyyət prinsipləri, təcavüzün anlayışı, beynəlxalq müqavilələrin bağlanması və onların vicdanla yerinə yetirilməsi öhdəliyi, özünümüdafiə hüququ, beynəlxalq humanitar hüquqa dair məsələləri (yaralı və xəstələrin, hərbi əsirlərin, mülki şəxslərin silahlı münaqişə zamanı müdafiəsi, müharibə aparılması vasitələrinin məhdudlaşdırılması) beynəlxalq müqavilələrə istinad etməklə izah etməsi bu sahədə dərin biliklərə malik olmasını bir daha təsdiq edir.

Müəllifin hüquqi əsaslarla bağlı araşdırmaları cənab Prezidentin müharibə vaxtı çıxışlarında səsləndirdiyi “bizim tələbimiz beynəlxalq hüquqa əsaslanır” ifadəsinin tam surətdə dərkinə kömək edir: “Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa əsaslanması öz ifadəsini hər şeydən əvvəl onda tapır ki, Azərbaycanın güc tətbiq etməklə torpaqlarını azad etmək uğrunda mübarizəyə başlaması beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunmuş prinsiplərə zidd deyildi. Bundan əlavə, Nizamnamənin 51-ci maddəsinə əsasən, silahlı hücum hallarında Təşkilat üzvünün tək və ya kollektiv özünümüdafiə hüququ vardır. Yəni, silahlı hücumlardan müdafiə olunmaq üçün Təşkilatın üzvü həm tək, həm də kollektiv qaydada silahlı qüvvələrdən istifadə edə bilər... Azərbaycan Ermənistanın silahlı hücumu nəticəsində torpaqlarını itirdiyinə və Ermənistan yeni torpaqlar əldə etmək üçün Azərbaycana silahlı hücum etdiyinə görə Azərbaycan dövləti beynəlxalq hüquqa müvafiq olaraq, özünümüdafiə hüququna əsasən, Ermənistana qarşı silah tətbiq olunmaqla gücdən istifadə etmək hüququna malik idi. Belə vəziyyətdə Azərbaycana hər hansı bir dövlətin silahlı yardım göstərmək hüququ da istisna olunmur.

Əsərdə münaqişənin nizama salınmasında vasitəçilərin rolu ilə bağlı yazılır: “İlham Əliyev yenə də reallığa və beynəlxalq hüquqa söykənərək münaqişənin nizama salınmasında Rusiyanın vasitəçiliyini, o cümlədən uzun zaman ərzində bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən davam etdirilməsini mümkün hesab edirdi. Lakin bunun üçün həmsədrlər ilkin olaraq özlərinin missiyalarına uyğun olaraq neytrallıq nümayiş etdirməli idilər. Münaqişə tərəflərindən hansınınsa mövqeyinin dəstəklənməsi artıq vasitəçinin qərəzsiz olmamasına dəlalət edir. Belə vəziyyətdə isə vasitəçilik missiyası beynəlxalq hüququn tələbləri ilə bir araya sığmır. Təəssüf ki, ATƏT-in Minsk qrupunun üzvləri hələ ki, bu cür neytrallıq mövqeyindən çıxış edə bilmirdilər.”

Müəllif tərəfindən siyasi paralellərlə bağlı dövriyyəyə cəlb edilənlər əsərin əsas hissəsini təşkil edir, eyni zamanda, kitabın oxunaqlı olmasını təmin edir. Bu paralellər əslində yalnız siyasi paralellərdən ibarət deyil, hərbi paralelləri, bir çox hallarda isə mənəvi-fəlsəfi məsələləri əhatə edir. Siyasi paralellər kimi istifadə edilən faktlar, müxtəlif ədəbiyyatlara müraciətlər, böyük sərkərdələrin fəaliyyəti ilə bağlı nümunələr cənab Prezident İlham Əliyevin dünya siyasətinin nəhəngləri Vudro Vilson, Franklin Ruzvelt, Uinston Çerçill, Mustafa Kamal Atatürk, fatehlər Yuli Sezar, Çingizxan, Əmir Teymur və digərləri ilə bir müstəvidə durmasının əsaslandırılmasına xidmət edir.

Dahilərin fikir və fəaliyyətini müqayisə edən oxucu cənab Prezidentin müxtəlif vəziyyətlərdə düzgün, tarixi təcrübədə özünü təsdiq etmiş qərarlar qəbul etmək bacarığının bir daha şahidi olur: “Azərbaycan otuz il danışıqlar aparmaqla, otuz il sülh yolu ilə haqqı, ədaləti bərpa etməyə çalışdı. Bu yolun adı sülh yolu olsa da, bu yol çox ağrılı, acılı yol idi. Bu yolun ağrısını, əzabını xalq, əsgər, zabit bəlkə də onlardan daha çox, təxminən 11 il Heydər Əliyev, 17 il isə İlham Əliyev çəkdi. Onlar cinayətkar olduqlarını bilə-bilə bu müddət ərzində “petrosyanlar”, “koçaryanlar”, “sarkisyanlar”, “paşinyanlar” ilə bir masada oturub müzakirə aparmalı, “torpaqlardan bir qarış qaytarmayacağıq”, “Qarabağ Ermənistandır” demələrinə səbir nümayiş etdirməli oldular. Belə vəziyyətə dözmək həqiqətən böyük mənəvi və psixoloji hazırlığa malik olmaq tələb edirdi. Heydər Əliyev də, İlham Əliyev də Ermənistanın danışıqlar prosesini qəsdən uzatmaq, status-kvonu saxlamaq, sonra isə “baş vermiş reallığa” əsaslanaraq torpaqlardan çıxmamaq niyyətini hiss edirdi. Lakin mərhələ-mərhələ, addım-addım da olsa, sülh yolu ilə irəliləmək istəyirdilər. Bu, həm mövcud reallıqların tələbi, həm də Vətən övladlarının qanının axıdılmasını qəbul etməməyin nəticəsi idi...”

Tədqiqatçının Vətən müharibəsində şəhid, aldığı xəsarət nəticəsində əlil olmuş şəxslərə münasibəti İlham Əliyevin həmişə sülh axtarışında olmasının düzgünlüyünü və vacibliyini bariz şəkildə nümayiş etdirir: “Müharibəyə gedib döyüşlərdə iştirak edənlər bilməlidirlər ki, onlar Vətən uğrunda döyüşürlər. Əgər bu yolda həlak olsalar, onlar unudulmayacaq. Doğmaları, əzizləri xüsusi hörmətə layiq görüləcək, onların qəhrəmanlığından həm Vətən, həm də Vətəndə yaşayan doğmaları faydalanacaq. Vaxtılə böyük filosof Aristotel dövlətdə ədalətli qanunların mövcudluğu zəruriliyindən söhbət açarkən qeyd edirdi ki, müharibədə həlak olanların uşaqları dövlət hesabına tərbiyə olunmalıdır.

Müəllifə görə, bu, həm də şəhid ailələrinə, sağlamlığını Vətən yolunda itirənlərə daimi dövlət qayğısını özündə ehtiva edən və Aristotelin hər bir işdə, o cümlədən dövlət işində rəhbər tutulmasını tövsiyə etdiyi ədalətliliyin tələbidir. Torpaq uğrunda vuruşmağın, mübarizə aparmağın təmin olunmasının şərtlərindən biri də şəhid ailələrinə, müharibədə şikəst olanlara zəruri olan qayğının göstərilməsidir. Müharibədə o xalq qalib gələcək ki, onun övladları müharibəyə könüllü, Vətəni müdafiə etmək borcunu dərk edərək, xalqının namusunu və şərəfini qorumaq üçün getsin. Lakin bu borc birtərəfli, yalnız döyüşənlərin döyüşmək borcu kimi qəbul olunmamalıdır. Əsgərin döyüşmək borcu dövlətin və xalqın ona qayğı göstərmək borcu ilə qarşılıqlı təmin olunmalıdır. Xalq, dövlət Vətən uğrunda döyüşənləri xüsusi nəzarətdə saxlamalı, müharibədə yaralanıb, şikəst olub qayıdanları xüsusi qayğı ilə əhatə etməli, şəhid olanların övladlarına, ailələrinə müstəsna diqqət göstərilməlidir. Bu qayğı həm də gələcəkdə dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində mühüm amildir.”

İmkan dərəcəsində qan tökülməsinə yol verilməməsi üçün İlham Əliyev döyüşlərin son gününə kimi münaqişənin sülh yolu ilə həll edilməsi prinsipinə sadiq qaldı. Müəllif həmin məsələ ilə bağlı fikirlərini bu cür ifadə edir: “İlham Əliyev üçtərəfli qaydada imzalanmış bəyanatın əhəmiyyətini həm də uzun illər davam edən işğala son qoyulmasında, işğal altında olan digər rayonların – Ağdam, Laçın, Kəlbəcərin qan tökülmədən sahiblərinə qaytarılmasında görürdü. Qan tökülmədən məqsədə nail olmağa tarixin müxtəlif dönəmlərində bir çox sərkərdələr üstünlük vermişlər. Bu, hər şeydən əvvəl sərkərdələrin öz əsgərinə, onun həyatına, sağlamlığına olan qayğısından irəli gəlir: “Sezar öz məqsədlərinə döyüşsüz və itkilərsiz nail olmağa ümid edirdi, əgər onun düşməni ərzaqdan məhrum etməyə imkanı var idisə, nə üçün o, ola bilsin ki, xoşbəxt bir döyüşdə özününkülərdən kimisə itirsin? Nə üçün zəhmətdən çəkinməyən əsgərlərinin qanı axıdılsın? Nəhayət, nə üçün xoşbəxtliyi sınağa çəksin? Axı sərkərdənin vəzifəsi qılıncla qalib gəldiyi qədər, ağılla da qalib gəlməkdir.” Bir vaxtlar Heydər Əliyev “Ən çox sevdiyiniz sərkərdə?” sualını – “Yuli Sezar” deyə cavablandırmışdı. Bu, həmin Yuli Sezarın fikirləri idi.

Bu cür paralellər o qədər çoxsaylı və üst-üstə düşən, həmçinin oxşar vəziyyətlərdə eyni qərarların qəbulunu təzahür etdirir ki, oxucunun müəllifin gəldiyi nəticədən fərqli nəticə çıxarmasına imkan vermir.

2020-ci il sentyabrın 27-də başlanan, 44 gün davam edən Vətən müharibəsi 30 illik müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması, 2020-ci il noyabrın 8-də Azərbaycanın üçrəngli bayrağının Qarabağın tacı olan Şuşada dalğalanması, 10 noyabr tarixində isə Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatdı. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin davamı olaraq, 2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan da az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri terrorçulardan təmizləndi, Azərbaycan əsgərlərinin şəhərə nəzarəti bərpa edildi və 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Bununla da, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam həcmdə bərpa edildi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qüdrətli Ordumuzun rəşadəti, şəhid olmuş, qazi olmuş əsgər və zabitlərin şücaəti, döyüşlərdə iştirak etmiş hər bir kəsin fədakarlığı sayəsində xalqımız bu gün öz həqiqi suveren dövlətinə sahib oldu. Ona görə də hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, qəhrəman Ordumuza, ölməz şəhidlərimizə, igid qazilərimizə sonsuz minnətdardır. Azərbaycan Respublikasının vətəndaşı olaraq hər birimiz 44 günlük müharibə zamanı möhtərəm Prezidentin əsl dövlət başçısı, qüdrətli sərkərdə, dahi siyasətçi kimi xarüqələr yaratmasının canlı şahidi olmuşuq.

Qədirbilən xalqımız bu şanlı tarixi yazan cənab Prezident İlham Əliyevin dövlətimizə, Vətənimizə olan sonsuz sevgisini, sədaqətini, titanik xidmətini, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında iştirak etmiş, qəhrəmanlıq göstərmiş, qazi olmuş, şəhid olmuş əsgər və zabitlərin fədakarlığını heç bir zaman unutmayacaqdır. Vətən və xalq Sizə minnətdardır!

Bu baxımdan Vəfaddin İbayevin bir alim və vətəndaş olaraq Konstitusiya və Suverenlik ili çərçivəsində yazdığı və mühüm tarixi-hüquqi məzmuna malik olan “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabını yüksək qiymətləndirirəm.

Əliyev Nazim Kazım oğlu,
hüquq elmləri doktoru, Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi