Ləman İbrahimova: “ASAN AI Hub süni intellekti ideyadan real iqtisadi dəyərə çevirən platformadır” MÜSAHİBƏ

2025.12.23 10:13 (UTC+04:00)

- Ləman xanım, ASAN AI Hub yaxın dövrdə yerli süni intellekt ekosistemində hansı əsas dəyişiklikləri təşviq edəcək?

- Əvvəlcə onu deyim ki, ASAN AI Hub-ın əsas missiyası Azərbaycanda süni intellekt (Sİ) ekosisteminin inkişafını sistemli və sürətli şəkildə təşviq etmək, dövlət qurumları, özəl sektor, akademik mühit və startap icması arasında davamlı əməkdaşlıq platforması formalaşdırmaqdır. Bu platforma ölkə başçısının Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda verdiyi tapşırıq əsasında təsis edilib və ölkənin süni intellekt sahəsində transformasiyasına strateji dəstək göstərməyi hədəfləyir.

ASAN AI Hub yaxın perspektivdə ekosistemdə yeni və əsaslı dəyişikliklərə yol açmağı hədəfləyir. Konkret 3 strateji hədəfimizi sadalamaq istərdim. Strateji prioritetlərdən biri açıq innovasiya modelinin tətbiqidir. Bu model çərçivəsində dövlət və özəl sektorun texnoloji çağırışları ASAN AI Hub platforması üzərindən elan olunacaq, startaplar, tədqiqatçılar və mütəxəssislər isə bu istiqamətdə süni intellekt əsaslı tətbiqi həllər təqdim edəcəklər. Nəticədə ideyaların real həllərə çevrilməsi sürətlənəcək, ölkədə innovasiyanın inkişaf dinamikası güclənəcək. İkinci strateji prioritet çərçivəsində ASAN AI Hub tədqiqat sorğularını qəbul edərək müəssisələrlə elmi-tədqiqat mərkəzləri arasında əlaqələndirici rol oynayacaq. Bu yanaşma tədqiqatların praktik xarakter almasına və akademik potensialın real problemlərin həllinə yönəlməsinə imkan verir. Üçüncü strateji prioritet çərçivəsində isə platforma beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək yüksək keyfiyyətli süni intellekt təhsilinə çıxışı təmin edəcək. Yerli və xarici iştirakçılar Sİ üzrə müxtəlif tədris proqramlarına qoşularaq bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər ki, bu da dövlət və özəl sektorda süni intellekt savadlılığının artmasına töhfə verəcək.

Nəticə etibarilə, ASAN AI Hub süni intellekt ekosistemində məlumat mübadiləsini gücləndirəcək, yerli və xarici Sİ əsaslı startapların və innovativ həllərin daha geniş bazarlara çıxışını təşviq edəcək. Sözsüz ki, bu yanaşma ölkənin innovasiya potensialının beynəlxalq müstəvidə daha aydın görünməsinə imkan yaradır.

ASAN AI Hub-ın əsas missiyası Azərbaycanda süni intellekt (Sİ) ekosisteminin inkişafını
sistemli və sürətli şəkildə təşviq etmək, dövlət qurumları, özəl sektor, akademik mühit və
startap icması arasında davamlı əməkdaşlıq platforması formalaşdırmaqdır

- Sadaladığınız strateji hədəflər fonunda ASAN AI Hub-ın ölkə iqtisadiyyatı üçün yaratdığı əsas dəyəri necə izah edərdiniz?

- ASAN AI Hub-ın iqtisadiyyat üçün əsas dəyəri süni intellektin qlobal imkanlarını milli iqtisadi inkişafı sürətləndirməyə yönəltməsidir. Beləliklə, platforma açıq innovasiya modeli ilə dövlət və özəl sektorun real problemlərini daha sürətli həll etməyə və bu həllər əsasında yeni texnologiya bazarlarının formalaşmasına şərait yaratmağa imkan verir. Hub-ın “Çağırışlar” modulunda dövlət və biznes qurumlarına mövcud problemlərini təqdim etmək imkanı yaradır. Startaplar, tədqiqatçılar və texnologiya şirkətləri bu problemlər üzrə innovativ süni intellekt həlləri təklif edir və ən perspektivli həllər pilot layihə kimi tətbiq mərhələsinə keçir.

Bu modelin iqtisadiyyata bir neçə paralel təsir imkanları mövcuddur. İlk növbədə, tələbat yönümlü yeni məhsul və xidmətlərin formalaşmasına şərait yaradır, bununla yanaşı, startapların və texnologiya şirkətlərinin bazara daxil olmaq imkanlarını genişləndirir, problem həlli üzrə mükafat fondlarını real iqtisadi stimullaşdırıcı mexanizmə çevirir, həmçinin dövlət və özəl sektorda innovasiya mədəniyyətini gücləndirir. Nəticə etibarilə, bu yanaşma Azərbaycan iqtisadiyyatında yeni texnologiya bazarlarının formalaşmasına birbaşa təsir göstərir.

Bu gün qlobal təcrübə göstərir ki, süni intellekt savadlılığı artıq sadəcə texniki bacarıq deyil, ölkənin iqtisadi rəqabət qabiliyyətinin əsas şərtlərindən birinə çevrilib. Bu baxımdan, ASAN AI Hub çox mühüm bir rol oynayır. Bir neçə əsas istiqaməti xüsusilə vurğulamaq istərdim. Bunlardan birincisi beynəlxalq tərəfdaşların qabaqcıl təcrübəsinin ölkəyə gətirilməsidir. Bu məqsədlə “Apolitical”, “MinnaLearn”, “AI Academy Asia”, “GenAI.Works” və “Geneva Innovation Movement” kimi nüfuzlu platformalarla əməkdaşlıq qurmuşuq və onların təqdim etdiyi təlim proqramlarını istifadəçilər üçün daha əlçatan etmişik. Digər tərəfdən, elmi tədqiqatın gücləndirilməsi və bilik iqtisadiyyatına keçid bizim üçün əsas prioritetlərdəndir. ASAN AI Hub bu istiqamətdə yerli ali təhsil müəssisələri ilə yanaşı, Oksford, Tsinxua və Koç universitetləri, eləcə də “Oxford Insights” kimi beynəlxalq elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq əlaqələri yaradıb. Bu əməkdaşlıqlar sadə və praktik bir mexanizmə əsaslanır. Belə ki, qurumlar tədqiqat ehtiyaclarını və sorğularını bizə təqdim edir, həmin sorğular universitetlərə yönləndirilir və akademik komandalar real sektorun konkret problemləri üzərində tədqiqat aparmaq imkanı əldə edirlər. Nəticədə əldə olunan elmi nəticələr tətbiq edilə bilən, iqtisadi dəyər yaradan həllərə çevrilir. Bu mexanizm isə ölkədə bilik iqtisadiyyatının formalaşması üçün zəruri olan institusional və innovativ mühitin yaranmasına xidmət edir.

- Bu iqtisadi dəyərin formalaşmasında beynəlxalq tərəfdaşlarla qurulan əməkdaşlığın hansı rolu var?

- ASAN AI Hub olaraq beynəlxalq tərəfdaşlıqları ölkədə süni intellekt savadlılığının yüksəldilməsi, yeni bacarıqların formalaşdırılması, tədqiqat və innovasiya mədəniyyətinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan addımlar kimi qiymətləndiririk. Məqsədimiz müxtəlif ölkələrin qabaqcıl platformaları və institutları ilə əməkdaşlıq edərək həm bilik, də həm texnologiya transferini sürətləndirmək, real təsir yaradan dayanıqlı Sİ ekosistemini formalaşdırmaqdır. “Apolitical” ilə tərəfdaşlıq dövlət sektorunda süni intellekt üzrə bilik və bacarıqların sistemli şəkildə artırılmasına xidmət edir. Bu çərçivədə “Stanford”un professorları tərəfindən işlənmiş və “Google” tərəfindən maliyyələşdirilən “Government AI Campus” proqramları çərçivəsində 7 ödənişsiz təlim artıq ASAN AI Hub istifadəçiləri üçün əlçatan olub. Bu təlimlər dövlət xidmətlərində innovativ və məsuliyyətli Sİ tətbiqinə dəstək verir, eyni zamanda gələcəkdə daha ixtisaslaşmış modul və proqramların birgə hazırlanmasını nəzərdə tutur.

Məqsədimiz müxtəlif ölkələrin qabaqcıl platformaları və institutları ilə əməkdaşlıq edərək
həm bilik, də həm texnologiya transferini sürətləndirmək,
real təsir yaradan dayanıqlı Sİ ekosistemini formalaşdırmaqdır

“GenAI Works” 14 milyon istifadəçidən ibarət dünyanın ən böyük süni intellekt icmasına malik qlobal platformadır. ASAN AI Hub ilə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində artıq “GenAI Works”un əsas Sİ təlimləri ASAN AI Hub platformasında yerləşdirilib, startaplar və bizneslər üçün Sİ agentləri və tətbiqlər kataloquna açıq çıxış təmin olunub. Bu da hələ son deyil. Növbəti mərhələdə yerli startapların “GenAI Works” ekosisteminə inteqrasiyası, onların beynəlxalq bazarlara çıxışı dəstəklənəcək.

“Breakthrough Social Enterprise” ilə tərəfdaşlıq sosial təsir yönümlü innovasiyaların inkişafını dəstəkləyən kompleks əməkdaşlıq modelidir. Bu çərçivədə bir neçə proqramın yerli auditoriya üçün həm ingilis, həm də Azərbaycan dillərində təqdim olunması planlaşdırılır. Bu təşəbbüslər xüsusilə gənclər, qadınlar və məhdud imkanlı qruplar üçün rəqəmsal bacarıqlara çıxışı genişləndirir, ölkədə inklüziv və sosial yönümlü innovasiya ekosisteminin formalaşmasına mühüm dəstək verir.

Finlandiyanın “MinnaLearn” şirkəti ilə əməkdaşlıq süni intellektə giriş sahəsində qlobal miqyasda ən nüfuzlu və geniş yayılan tədris təşəbbüslərindən biri olan “Elements of AI” proqramının kursları www.asanhub.ai-da təqdim edilir. Bu platforma süni intellektin əsaslarını sadə və hər kəs üçün əlçatan formada izah edir. Artıq 170-dən çox ölkədən təxminən 2 milyon istifadəçi tərəfindən uğurla tamamlanmış proqram Sİ-nin mahiyyəti, potensial imkanları və tətbiq istiqamətləri barədə fundamental biliklər təqdim edir.

Monqolustanın “AI Academy Asia” platforması ilə əməkdaşlıq daha ixtisaslaşmış və praktiki yönümlü süni intellekt bacarıqlarının inkişafına xidmət edir. Platforma Sİ mühəndisliyi, korporativ liderlik, şirkət rəhbərləri üçün süni intellektin idarə edilməsi kimi vacib istiqamətlər üzrə təlim və proqramlar təqdim edir.

Sadalanan bu tərəfdaşlıqların hər biri müxtəlif istiqamətlər üzrə fundamental süni intellekt savadlılığı, ixtisaslaşmış texniki biliklər, dövlət idarəetməsində Sİ tətbiqi, sosial təsir yönümlü innovasiya, korporativ inkişaf, həmçinin startap ekosisteminin gücləndirilməsi ölkə üçün yüksək dəyər yaradır.

Növbəti mərhələdə tərəfdaş institutlarla birgə “challenge” əsaslı həllərin genişləndirilməsi, tədqiqat sorğularının inteqrasiyası, birgə tədqiqat və inkişaf layihələri, lokal və qlobal startapların platformaya daha geniş şəkildə cəlb olunması istiqamətləri üzrə genişləndirilmiş fəaliyyət planlaşdırılır.

- Platforma ölkənin elmi və tədqiqat mühitində hansı yeni imkanlar yaradır və universitetlər, tədqiqat mərkəzləri ilə əməkdaşlıq modeli necə qurulacaq?

- ASAN AI Hub ölkənin elmi və tədqiqat mühitində yeni mərhələ yaradaraq tədqiqatların, akademik mühitlə sənaye əməkdaşlığının və bilik mübadiləsinin daha sistemli şəkildə qurulmasını təmin edir. Yəni platforma elmi araşdırmaları yalnız nəzəri səviyyədə saxlamır, onları real iqtisadi və sosial problemlərin həllinə yönəldir.

Bizim üçün ən vacib yeniliklərdən biri odur ki, universitetlər və tədqiqat mərkəzləri platformada elan olunan konkret çağırışlar əsasında real sektorun problemləri üzərində işləyəcək, əldə edilən nəticələr isə praktik tətbiqlərə çevriləcək. Bu yanaşma tədqiqatların həm keyfiyyətini, həm də real dəyərini artırır.

Ən vacib yeniliklərdən biri odur ki, universitetlər və tədqiqat mərkəzləri platformada
elan olunan konkret çağırışlar əsasında real sektorun problemləri üzərində işləyəcək,
əldə edilən nəticələr isə praktik tətbiqlərə çevriləcək

Digər mühüm imkan tədqiqat sorğularının mərkəzləşdirilmiş şəkildə toplanmasıdır. Dövlət və biznes qurumlarının tədqiqat ehtiyacları www.asanhub.ai vasitəsilə akademik institutlara yönləndirilir. Bu yanaşma tədqiqat layihələrinin daha planlı idarə olunmasına və akademiya ilə sənaye əməkdaşlığının davamlılığına imkan yaradır.

Nəhayət, akademiya ilə birgə yaradılacaq laboratoriyalar və pilot test mühitləri yeni texnologiyaların sınaqdan keçirilməsi, prototiplərin hazırlanması və onların geniş tətbiqi üçün imkanlar təqdim edəcək.

- ASAN AI Hub-da tətbiq olunan açıq innovasiya yanaşması praktikada necə işləyəcək və real sektor üçün hansı üstünlükləri yaradacaq?

- Platformada tətbiq etdiyimiz “Açıq innovasiya” modeli real sektorun mövcud çağırışlarının süni intellektə əsaslanan həllər vasitəsilə çevik şəkildə qarşılanmasını təmin edən strukturlaşdırılmış ekosistem üzərində qurulub. Bu yanaşma dövlət və özəl sektor qurumlarının texnoloji ehtiyaclarını şəffaf formada təqdim etməsinə, yerli və beynəlxalq innovatorların isə həmin ehtiyaclara uyğun tətbiqyönümlü həllərlə prosesə qoşulmasına şərait yaradır.

Platformamızda bu modelin funksional şəkildə işləməsi məqsədilə ayrıca “Çağırışlar” bölməsi yaradılıb və bu, iki əsas komponentdən ibarətdir: “Çağırış yerləşdir” və “Cari çağırışlar”. İstifadəçilər qeydiyyatdan keçdikdən sonra təşkilat profillərini tam şəkildə doldurmaqla öz texnoloji problemlərini təqdim edə bilirlər. Bu tələb şəffaflığın, məsuliyyətliliyin və təqdim olunan çağırışların etibarlılığının təmin olunmasına xidmət edir.

Faiq KƏRİMOĞLU