İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsinin inkişafı məqsədilə bu sahələrdə fəaliyyət göstərən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara əvəzsiz olaraq köçürülən hissəsi 2024-cü il yanvarın 1-dən 5 il müddətinə mənfəət vergisindən azaddır.
Meyarların 3-cü bəndinə əsasən, dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya alması təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarlarına aid edilib.
Meyarların 7-ci bəndinin müddəalarına əsasən, bu Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sərəncamında düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank və digər ödəniş hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmaya əsas vermir.
Həmçinin, ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim edir.
Qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin, təhsil sahəsinin inkişafı məqsədilə bu sahədə fəaliyyət göstərən və yuxarıda göstərilən meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara əvəzsiz olaraq köçürülən hissəsi mənfəət vergisindən azaddır.
Bu zaman Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmanın tətbiqi üçün Meyarların 7-ci bəndində qeyd olunan tələblərə və rəsmiləşdirmə qaydalarına əməl edilməlidir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 106-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə tənzimlənir.