Azərbaycan Dövlət İqtisad Universitetinin nizamnamə fondu 49,5 milyon manat müəyyənləşib

2019.08.26 15:34 (UTC+04:00)

Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nizamnamə fondu 49.521.759 (qırx doqquz milyon beş yüz iyirmi bir min yeddi yüz əlli doqquz) manatdır. Bu haqda məlumat Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi"ndə əksini tapıb. UNEC-in əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən daxil olan vəsaitdən formalaşdırılır.

Azərbaycan Dövlət İqtisad Universiteti "Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli sərəncamına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılıb və onun hüquqi varisidir. Azərbaycan Dövlət İqtisad Universiteti (ingilis dilində adı "University of Economics" - UNEC) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, "Təhsil haqqında" Qanuna uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, "Elm haqqında" Qanuna əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.