Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

2025.12.17 16:22 (UTC+04:00)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi və “İsrail Aerokosmik Sənayesi” korporasiyasının birgə əməkdaşlığı ilə Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi təsis edilib.

Agentliyin məlumatına görə, Mərkəzin missiyası Azərbaycanda innovasiyalara dəstək vermək, innovativ təhsil, startapların inkişafı, innovativ sahibkarlıq, o cümlədən kosmik sahədə innovativ yanaşmanı və beynəlxalq texnoloji əməkdaşlığı təşviq etməkdir.

Mərkəzin fəaliyyəti təhsil, innovasiya, kosmik sənaye və tədqiqat sahələrini əhatə edən tədris və akselerasiya modeli üzərində qurulub. Mərkəzdə beynəlxalq ekspertlərin iştirakı ilə ideyaların sınaqdan keçirilməsi, prototiplərin hazırlanması, startapların investisiya və bazarlara çıxışını hədəfləyən təlimlərin keçirilməsi nəzərdə tutulub.