Cari ildə Aqrar Biznes Festivalları çərçivəsində 8 milyon manatlıq məhsul satılıb

2025.12.17 15:03 (UTC+04:00)

Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 Aqrar Biznes Festivalı keçirilib, 8 milyon manatdan artıq satış icra olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilib. Bu il keçirilən festivallarda 421 907 nəfər iştirak edib, onlardan 38 492-si fermer, 383 415-i isə ziyarətçi olub. Festivallar çərçivəsində 19 Məhsul Festivalı təşkil olunub.

Aqrar Biznes Festivalları çərçivəsində 2025-ci ildə ölkənin 8 iqtisadi rayonunda 14 toxum sərgi-satış yarmarkası, kredit yarmarkaları, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində isə 5 rayonda, o cümlədən Zəngilan rayonu və Xankəndi şəhərində “Bootcamp” proqramları təşkil olunub. “Bootcamp” proqramlarına 20-yə yaxın ali təhsil müəssisəsindən, süni intellektin tədris olunduğu ixtisaslar üzrə təhsil alan 90-a yaxın tələbə qatılıb.