AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) ölkəmizdə bu sahədə tədqiqat və inkişafı təşviq edən aparıcı qurumlardan biridir. Mərkəz süni intellekt texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir və bu istiqamətdə artıq konkret nəticələr əldə edib. Hazırkı dövrədək MSİM 2 süni intellekt layihəsini istifadəyə verib, bu sahə üzrə 15-dən çox mühəndis yetişdirib və daha 100-dən çox tələbə mərkəzdə təhsilini davam etdirir. Bu layihələr arasında həm miqyasına, həm də funksional imkanlarına görə xüsusi fərqlənən “e-qanun.ai” platforması mərkəzin ilk tam milli süni intellekt məhsulu kimi diqqət çəkir. Üstəlik, platformanı yerli mühəndislər, daha dəqiq desək, MSİM-də yetişdirilən komanda hazırlayıb və milli süni intellekt ekosisteminin inkişafına əhəmiyyətli töhfə verən nümunələrdən biri kimi qiymətləndirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə təşəbbüsü olan bu layihə istifadəçilərə hüquqi məlumatlar üzrə süni intellekt dəstəkli sürətli axtarış imkanı təqdim edir. “vergiler.az” platformanın funksionallığı və texnoloji xüsusiyyətləri ilə bağlı sualları MSİM-in süni intellekt üzrə məhsul sahibi İbrahim Süleymanova ünvanlayıb.
Hüquqi məlumatlar daha əlçatandır
Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən “e-qanun.ai” hüquqi informasiya axtarışını, təhlili və qanunlarla işləmə prosesini süni intellekt əsasında sadələşdirən milli platformadır. Yerli mütəxəssislərin ərsəyə gətirdiyi layihə hüquqşünaslar, dövlət qurumları, araşdırmaçılar və hüquqi mətnlərlə işləyən bütün istifadəçilərin fəaliyətini asanlaşdırmağa hesablanıb. Platformadan istifadə etməklə hüquqi sahədə yaranan suallara operativ və etibarlı şəkildə cavab tapmaq mümkündür. Platformanın əsas məqsədi qanunların hər kəs üçün daha əlçatan və anlaşılan olmasını təmin etməkdir.
Sadə interfeys, sürətli nəticə
Platformaya daxil olan istifadəçilər, ilk növbədə, sadə interfeys üzərində əsas səhifə ilə qarşılaşırlar. Burada axtarış bölümü yer alıb ki, həmin hissəyə istənilən sözü, cümləni yazmaqla lazım olan informasiyanı qısa zaman ərzində əldə etmək mümkündür. Saytın əsas səhifəsində təlimat videosu yerləşdirilib ki, bu da platforma ilə yeni tanış olanlar üçün yol xəritəsi funksiyasını yerinə yetirir.
Yeni qanunların qəbulu və mövcud aktlarda edilən dəyişikliklərin artması hüquqi məlumat bazasını hər gün daha da genişləndirir. Bu baxımdan, informasiya həcmi böyüdükcə istifadəçilərin axtardıqları məlumatı tez tapa bilməsi çətinləşir. Ənənəvi oxu-axtarış prosesi isə vaxt itkisinə səbəb olur və operativ qərar verməyi ləngidir. İ.Süleymanov vurğulayır ki, “e-qanun.ai” məhz bu çətinliyi aradan qaldırmağa hesablanıb. Bir sözlə, bu platforma hüquqi məlumatla işləmə yanaşmasını köklü şəkildə dəyişir.
Generativ süni intellekt modulu ilə detallı hüquqi izah
Platformaya generativ süni intellekt modulu inteqrasiya edilib ki, bu da istifadəçilərə mürəkkəb hüquqi sualların təhlilini saniyələr ərzində təqdim edir. İstifadəçi sorğunu daxil etdikdə sistem həm ən uyğun hüquqi aktları göstərir, həm də generativ süni intellekt vasitəsilə qısa və geniş izahlar verir. Əvvəlcə süni intellekt sorğunu analiz edir, sualın mahiyyətini düzgün formaya salır, hüquqi aktlara istinad edir, məlumatın haradan götürüldüyünü göstərir, mərhələli şəkildə hüquqi izah təqdim edir. İstifadəçini qane etməyən qısa cavab olduqda sistem avtomatik olaraq daha geniş hüquqi şərh də verə bilir.
Filtrləmə ilə konkret axtarış...
Platforma istifadəçilərə məcəllələr və normativ aktlar üzrə daha dəqiq və çevik axtarış aparmaq imkanı yaradır. İ.Süleymanovun sözlərinə görə, axtarış funksiyaları sənədin növünə uyğun şəkildə, bənd, cümlə və hətta söz səviyyəsinədək təkmilləşdirilib. İstifadəçilər həm konkret açar sözlər, həm də məna üzrə axtarış edə bilirlər və bütün sorğular süni intellekt tərəfindən analiz olunaraq ən uyğun nəticələr təqdim edilir. Son yeniliklər arasında qüvvədə olan və qüvvədən düşmüş qanunlar üzrə filtr imkanlarının əlavə edilməsi də yer alır. Bu funksionallıq qanunvericilikdə edilən hər hansı söz dəyişikliyinin və ya çıxarılmasının dərhal müəyyənləşdirilməsinə imkan verir və hüquqi dəyişikliklərin izlənməsini xeyli asanlaşdırır.
Platformanın mobil versiyası hazırlanır
Platformaya əlavə edilməsi planlaşdırılan yeni versiyada fərqli funksiyalar tətbiq olunacaq ki, bununla qanunlarla işləyənlərin işi daha da asanlaşacaq. Belə ki, saytda tapılan qanun, akt, məcəllə və s. ilə bağlı məlumatları rahat qovluqda saxlamaq mümkün olacaq. Bundan əlavə, müəyyən ifadələri yadda saxlamaq, şəxsi qeydlər aparmaq və materialları sistemli şəkildə toplamaq da əlçatanlığı artıracaq.
Yeniliklər bununla bitmir. İ.Süleymanov platformanın mobil tətbiqi üzərində də iş aparıldığını deyir. Məqsəd istifadəçilərə maksimum dərəcədə sadə, funksional və iş prosesini sürətləndirən bir mühit təqdim etməkdir. Beləliklə, “e-qanun.ai” yalnız texnoloji platforma deyil, həm də hüquq sahəsində rəqəmsal dövlət yanaşmasının mühüm elementlərindən biri kimi formalaşır.
Faiq KƏRİMOĞLU