Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?

2025.12.15 14:23 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinin müddəalarına əsasən, həmin maddədə müəyyən olunmuş fəaliyyət növləri, o cümlədən tərcümə xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olan və təqvim ili üzrə əldə etdiyi gəlirlərinin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi həcmində gəlir vergisindən azadolma təsbit olunub.

Fiziki şəxsin əmlakın icarəyə verilməsindən gəlirləri isə, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir.

Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunmuş vergi güzəşti mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sözügedən maddədə qeyd olunan fəaliyyət növləri üzrə əldə etdiyi gəlirlərinə münasibətdə tətbiq olunur və həmin şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən, o cümlədən icarə fəaliyyətindən əldə etdiyi gəlirlərinə şamil olunmur.

Qeyd olunanlara əsasən, tərcümə xidmətlərini göstərən və eyni zamanda mənzilini kirayəyə verən fiziki şəxsin yalnız tərcümə xidmətləri üzrə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərinə münasibətdə Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə uyğun olaraq azadolma tətbiq olunur. Həmin şəxsin mənzilin kirayə verilməsi üzrə qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirləri isə Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən ümumi qaydada vergiyə cəlb olunur.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci və 124-cü maddələri ilə tənzimlənir.