Prezident İlham Əliyev “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.
Ölkə iqtisadiyyatının davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş uzunmüddətli və irimiqyaslı layihələrin həyata keçirilməsi üçün dayanıqlı və çevik biznes yönümlü maliyyələşdirmə sisteminin formalaşdırılması məqsədilə qərara alınıb ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
Fərmanla “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən edilib ki, “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin hüquqi varisidir və onun hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Cəmiyyət iqtisadiyyatın qeyri-neft/qaz sektorunun inkişafını dəstəkləyən, sahibkarlığın maliyyə təminatını gücləndirən, investisiyaların təşviqi və sahibkarlığa dəstək mexanizmlərinin inkişafını təmin edən və vəsaitini müəyyən olunmuş qaydada yerləşdirməklə dövlətin iqtisadi inkişaf prioritetlərinə xidmət edən dövlətə məxsus kommersiya hüquqi şəxsidir.
Fərmanla Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən – Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək.