Regionlarda sahibkarlığın inkişafı: yerli konsaltinq şirkəti “Qarabağ KOB-ları” layihəsinə töhfə verəcək MƏQALƏ

2025.12.11 09:56 (UTC+04:00)

Maliyyə, hüquq və biznes proseslərinin idarə edilməsi sahəsində korporativ konsultasiya təqdim edən yerli “EGA Consulting” şirkəti Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrində iştirak edən bizneslərin əməliyyatlarının effektivliyini artırmağa dəstək verir.

“EGA Consulting”in İdarə Heyətinin sədri Araz Yaqubluvergiler.az”a açıqlamasında bildirib ki, konsaltinq şirkəti azad edilmiş bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə hüquqi məsləhət, maliyyə planlaşdırması, mühasibat uçotu, vergi güzəştləri və iqtisadi zonalarda rezidentlik imkanları üzrə dəstək tədbirləri həyata keçirir. Onun sözlərinə görə, şirkət həm yerli, həm də xarici investorlar üçün dövlət və özəl layihələrdə əməliyyatların səmərəli idarə olunması ilə bağlı xüsusi proqramlar təqdim edir və bu prosesdə bizneslərin hüquqi-maliyyə təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

Vahid biznes yanaşması

“EGA Consulting” işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin biznes infrastrukturunun qurulması üçün kompleks hüquqi və maliyyə çərçivəsinin formalaşdırılmasına dəstək verir. Komanda qeydiyyat və icazə prosesləri, müqavilə və hüquqi sənədləşmə, vergi öhdəliklərinin düzgün müəyyənləşdirilməsi, maliyyə modellərinin hazırlanması, investisiya və fəaliyyət strategiyalarının tərtibi kimi xidmətləri vahid yanaşma ilə həyata keçirir. Bununla bərabər, tikinti, təhsil, logistika və digər sahələrdə fəaliyyət göstərən subyektlərin layihələrinin normativ tələblərə uyğun qurulmasına şərait yaradır.

Şirkətin bu bölgələrdə iştirakı yalnız məsləhət xidmətləri ilə məhdudlaşmır, həmçinin bizneslərin fəaliyyət dövrləri boyunca onları praktiki olaraq müşayiət edir. Bu, layihələrin maliyyə dayanıqlığının qiymətləndirilməsi, risklərin idarə olunması, audit və daxili nəzarət mexanizmlərinin qurulması, əməliyyat proseslərinin optimallaşdırılması və strateji qərarların dəstəklənməsi kimi mərhələləri əhatə edir. Nəticə etibarilə EGA hər bir layihənin özünəməxsus tələblərinə uyğun həllər təqdim edir və azad olunmuş ərazilərdə dayanıqlı və şəffaf biznes mühitinin formalaşmasına öz töhfəsini verir.

KOB-ların güclənməsində EGA–KOBİA əməkdaşlığı

“EGA Consulting” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə layihələr də icra edir. Bu əməkdaşlıq çərçivəsində sahibkarlara, xüsusilə kiçik və orta biznes subyekti olan istehsal müəssisələrinə biznesin düzgün idarə olunması, əməliyyatların təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə xidmətlər təqdim olunur. A.Yaqublunun sözlərinə əsasən, indiyə qədər 100-ə yaxın kiçik və orta biznes subyektinə təlim və mentorluq xidmətləri göstərilib, bizneslərə dəstək proqramı çərçivəsində isə 5 istehsal müəssisəsində "Biznes proseslərinin optimallaşdırılması" layihəsi həyata keçirilib.

Şəhid və qazi ailələrinin biznes təşəbbüslərinə dəstək

Bu günlərdə KOBİA-nın keçirdiyi “Qarabağ KOB-ları” layihəsinin 3-cü ilinin yekunları açıqlanıb. Layihə çərçivəsində bir sıra sahibkarlara müxtəlif dəstək tədbirləri göstərilib, onlara biznes və peşə təlimləri keçilib, seçilmiş iştirakçılar fəaliyyətə başlamaq üçün zəruri avadanlıqlarla təmin ediliblər. Bu dəstək modeli azad olunmuş ərazilərdə yeni kiçik bizneslərin formalaşmasına və məşğulluğun artırılmasına mühüm töhfə verib.

“EGA Consulting” 2026-cı ildən etibarən “Qarabağ KOB-ları” layihəsinə qoşularaq şəhid və qazi ailələrinin sahibkarlıq təşəbbüslərinə dəstək verməyə hazırlaşır. Şirkət bu proqram çərçivəsində bu kateqoriyadan olan şəxslərə yeni biznes fəaliyyətlərinin qurulması, hüquqi çərçivənin düzgün formalaşdırılması, maliyyə planlaşdırılması və davamlı inkişaf strategiyasının müəyyən edilməsi üçün maliyyə və hüquq konsultasiyaları təqdim etməyi öhdəsinə götürüb. Bu təşəbbüs şirkətin sosial məsuliyyət yanaşmasının tərkib hissəsi olaraq, azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına, eyni zamanda şəhid və qazi ailələrinin rifahının yaxşılaşdırılmasına real dəstək göstərməyi hədəfləyir.

Faiq KƏRİMOĞLU