Birinci məqam elektron əmək müqaviləsinin imzalanmasında istisnaların olmasıdır. Əmək Məcəlləsinin 49-cu maddəsinin ikinci və üçünçü hissələri, müvafiq olaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı" üzrə halları tənzimləyir. Qeyd edilən qanunvericiliyə uyğun olaraq, əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi ilə bağlı fərqli yanaşmalar tətbiq edilir.
İkinci məqam əmək müqaviləsi və ya ona dəyişikliklərin hər iki tərəfdən gücləndirilmiş elektron imza ilə imzalanması tələbinin olmasıdır. Əmək Məcəlləsində edilmiş son dəyişikliyədək işəgötürən və işçi arasında əmək müqaviləsi kağız formada imzalanırdı. İşəgötürən ƏMAS altsistemində tələb olunan məlumatları daxil etdikdən sonra sənədi yalnız özü elektron imza ilə imzalayırdı. Həmin prosesdən sonra dövlət qurumu tərəfindən əmək müqaviləsi bildirişi göndərilməsi ilə əmək müqaviləsi hüquqi qüvvəyə minirdi.
Yeni dəyişiklikdən sonra prosesin həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimi müəyyən edilib:
- işəgötürən ƏMAS altsistemində elektron əmək müqaviləsi hazırlayır;
- hazırlanmış əmək müqaviləsi qeydiyyata alındıqdan sonra təsdiq üçün işə qəbul olunacaq şəxsə göndərilir;
- işə qəbul olunan şəxs ƏMAS altsisteminə daxil olub, elektron kabinetində işəgötürən tərəfindən göndərilən əmək müqaviləsini gücləndirilmiş elektron imza ilə imzalayır;
- işçi tərəfindən imzalanmış əmək müqaviləsi işəgötürən tərəfindən elektron imza ilə imzalandıqdan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab edilir.
Bir məlumatı da qeyd edək ki, ƏMAS altsistemində edilmiş son dəyişikliklər nəticəsində əmək müqaviləsinin bağlanma tarixi avtomatik olaraq müəyyən edilib. Bu zaman işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanması tarixinə hər hansı müdaxiləyə məhdudiyyət qoyulub.