İKT sahəsində enerji səmərəliliyini təşviq edən dövlət standartları təsdiq edilib

2025.12.09 17:28 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Standartlaşdırma üzrə informasiya kommunikasiya texnologiyaları Texniki Komitəsinin (TK05) təqdim etdiyi bir sıra yeni İKT standartları Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartları kimi təsdiq edilib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin məlumatına görə, yeni dövlət standartları informasiya kommunikasiya texnologiyaları sahəsində enerji səmərəliliyinin artırılması, 5G və mobil şəbəkələrdə enerji istehlakının optimallaşdırılması, həmçinin simsiz giriş avadanlıqlarının enerji effektivliyinin qiymətləndirilməsi istiqamətində beynəlxalq təcrübəni əks etdirir. Dövlət standartları Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI) yayımladığı standartlar əsasında hazırlanıb.

Təsdiq edilən dövlət standartları aşağıdakılardır:

AZS ETSI ES 203 228:2025 – Mobil şəbəkələrdə enerji səmərəliliyinin qiymətləndirilməsi

AZS ETSI ES 203 475:2025 – Enerji səmərəliliyi üzrə standartlaşdırma şərtləri və tendensiyaları

AZS ETSI ES 203 700:2025 – 5G şəbəkələri üçün dayanıqlı enerji təchizatı həlləri

AZS ETSI ES 202 706-1:2025 – Ətraf mühit mühəndisliyi; Simsiz giriş şəbəkəsi avadanlığının enerji effektivliyi ilə bağlı göstəricilər və ölçmə metodu; 1-ci hissə: güc istehlakı – statik ölçmə metodu

Bu standartların tətbiqi ölkəmizdə rəqəmsal infrastrukturun daha səmərəli, dayanıqlı və müasir beynəlxalq tələblərə uyğun şəkildə inkişafına töhfə verəcək. İKT sektorunda enerjidən səmərəli istifadə, dayanıqlılıq, innovasiya və beynəlxalq uyğunluq prinsiplərinin daha geniş tətbiqinə şərait yaradacaq.