“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 200-ü ötüb

2025.12.08 17:17 (UTC+04:00)

Şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək göstərən “Qarabağ KOB-ları” layihəsində 2025-ci ildə 100 nəfər iştirak edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov proqramın cari il üzrə icrasına həsr olunan tədbirdə bildirib ki, ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və dəstəyin mühüm tərkib hissəsi olan layihə qazilərin, müharibə iştirakçılarının və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına və məşğulluqlarının təmin olunmasına mühüm töhfə verir, həmçinin yeni biznes subyektlərinin formalaşmasına imkan yaradır.

KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “PAŞA Holding”in birgə tərəfdaşlığı ilə həyata keçirilən layihəyə 2023-cü ildən bəri ümumilikdə 220 nəfər qoşulub. 2025-ci ildə proqramın coğrafiyası daha da genişlənərək Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy və Mingəçevirdən əlavə, Füzuli, Xocalı, Laçın və Şuşa şəhərlərini də əhatə edib.

Cari il ərzində 100 nəfər biznes və peşə təlimlərinə cəlb olunub. Təlimləri uğurla başa vuran iştirakçılar özünüməşğulluq proqramı çərçivəsində seçdikləri istiqamətlər üzrə avadanlıqla təmin olunub və bu proses hazırda davam edir.

Qeyd edək ki, “Qarabağ KOB-ları” layihəsi 2026-cı ildə də davam etdiriləcək.