4SİM Vyetnamda keçirilən “Payız İqtisadi Forumu”nda təmsil olunub

2025.12.04 11:29 (UTC+04:00)

25–27 noyabr 2025-ci il tarixlərində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Vyetnamın Ho Şi Min şəhərində keçirilən “Payız İqtisadi Forumu 2025” çərçivəsində təşkil olunan yüksək səviyyəli görüşlərdə təmsil olunub.

Mərkəzin məlumatına görə, Forum Vyetnam Xalq Komitəsi, Vyetnam 4Sİ Mərkəzi və Ho Şi Min şəhəri tərəfindən təşkil olunub və Dünya İqtisadi Forumu (DİF - World Economic Forum) ilə birgə tərəfdaş sessiyalarını özündə birləşdirib. Tədbirin əsas məqsədi qlobal transformasiya dövründə ağıllı iqtisadiyyat, yaşıl keçid, süni intellekt tətbiqləri və dayanıqlı inkişaf sahələrində beynəlxalq əməkdaşlığı gücləndirmək olub.

4SİM-in Layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə tədbirdə və DİF-in 4Sİ Mərkəzlərinin şəbəkələşmə görüşündə iştirak edib. Görüş zamanı Mərkəzlər görülən işlər, gələcək planlar və mümkün ortaq layihələr haqqında məlumat mübadiləsi aparıblar.

Tədbirdə Vyetnam hökumətinin yüksək vəzifəli rəsmiləri, DİF-in icraçı direktoru Stefan Mergentaler, DİF nümayəndələri, beynəlxalq təşkilatlar, iri korporasiyalar və 4Sİ Mərkəzlər Şəbəkəsinə üzv olan 11 Mərkəzin nümayəndələri iştirak edib.