“Məşğulluğa dəstək” layihəsi üzrə 25 mindən çox şəxs üçün kiçik təsərrüfatlar qurulub

2025.12.03 16:06 (UTC+04:00)

Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək” layihəsi üzrə 25 mindən çox şəxsə avadanlıqlar verilib, onlar üçün istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu barədə nazir müavini Vüsal Nəsirli ilə Dünya Bankının missiyasının rəhbəri Anna Suxova arasında keçirilən görüşdə bildirilib.

Görüşdə layihənin icrası üzrə Azərbaycanın təcrübəsindən bəhs olunub. Beynəlxalq səviyyədə də maraqla qarşılanan bu təcrübənin digər ölkələrdə də nümunə kimi təqdim olunması məsələləri nəzərdən keçirilib.

Tərəflər “Məşğulluğa dəstək” layihəsinin icrası işlərini, bu sahədə növbəti mərhələlər üzrə prioritetləri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.