Vergilər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilir ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin təqdim edilməsi sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış verginin məbləği alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.
Hüquqi şəxs tərəfindən təqdimolunma əməliyyatı ƏDV-yə cəlb edilmir, eyni zamanda təqdimolunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir, ödəmə mənbəyində notarius tərəfindən tutulan vergi də gəlirdən çıxılan xərclərə aid edilmir. Misalda qeyd edilən halda, hüquqi şəxsin mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsi təqdim edilərkən sadələşdirilmiş vergiyə cəlb olunur.
Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini
artırmır və Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılır
Avadanlığın təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitin qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb olunur. Aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxs təqdim olunan aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir. Həmin maddədə göstərilir ki, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılır. Eyni zamanda, ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın satışı (ƏDV nəzərə alınmadan) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.
Qeyd: Əmlak satışı zamanı Vergi Məcəlləsinin 142-ci, 143-cü, 155.1-ci, 218.4.3-cü, 218.4.5-ci, 219.3-1-ci, 219.5-ci və 220.8-ci maddələrinə istinad edilir.