İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində korrupsiya halları ilə mübarizə mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Dövlət Vergi Xidmətinin müvafiq struktur bölmələrinin rəhbər vəzifəli şəxsləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri, müstəqil ekspertlər, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, Dövlət Vergi Xidmətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Tədbir iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlərə toxunaraq, görülən tədbirlərin davamlı xarakter daşımasının vacibliyini vurğulayıblar.
Vergi ödəyicilərinin korrupsiya halları və vergi orqanı əməkdaşlarının hərəkətləri (hərəkətsizliyi) ilə bağlı məlumatvermə imkanları, ödəyicilərin və vətəndaş cəmiyyətinin bu imkanlar barədə məlumatlandırılması, şikayət və müraciətlərə baxılması vəziyyəti, Vergi Ombudsmanının fəaliyyəti, vergi ödəyicilərinə göstərilən xidmətlər barədə fikir mübadiləsi aparılıb.