Son illər Azərbaycanın sığorta sektorunda davamlı və dayanıqlı inkişaf trendləri açıq şəkildə görünür. Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirdiyi tənzimləmə siyasəti və bazar iştirakçılarının aktiv fəaliyyəti sektorda ardıcıl və keyfiyyətli böyüməni stimullaşdırır.
Hazırkı mərhələdə həm tənzimləyicinin apardığı sektorial islahatlar, həm də şirkətlərin tələb–təklif balansına uyğun formalaşdırdığı yeni məhsul strategiyaları ön plana çıxır. İqtisadçılar hesab edirlər ki, dəyişən bazar reallıqları sığorta sektorunda innovativ həllərin zərurətini daha da artırıb. Bu baxımdan, innovativ məhsullar sektorda inkişafın aparıcı istiqamətlərindən biri hesab olunur.
AMB-nin əsas hədəflərindən biri sığorta bazarında dayanıqlı, şəffaf və rəqabətədavamlı sistemin formalaşdırılmasıdır. Tənzimləyici qurum sadalanan hədəflərə çatmaq üçün sektorda yeni alətlərin tətbiqini dəstəkləyir və bazara modern yanaşmaların gəlməsində maraqlı görünür.
Müasir sığorta sistemi hansı alətləri tələb edir?
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirirlər ki, telematika, rəqəmsal tibbi sığorta həlləri, mikrosığorta, kiber-risk sığortası, süni intellekt əsaslı qiymətləndirmə və zərərlərin idarə edilməsi innovativ sığorta məhsullarının inkişafı üçün vacib istiqamətlərdir. Assosiasiya hesab edir ki, bu həllərin tətbiqi yerli sığorta bazarında daha dəqiq risk qiymətləndirməsinə, şəffaflığın artmasına, əməliyyat xərclərinin optimallaşdırılmasına, xidmət sürətinin yüksəlməsinə və nəticə etibarilə müştəri məmnuniyyətinin artırılmasına bilavasitə təsir göstərəcək.
İqtisadçı Eldəniz Əmirov sığorta sektorunun inkişafında rəqəmsallaşmanın artıq seçim deyil, zərurət olduğunu vurğulayır. Onun sözlərinə əsasən, onlayn platformalar və mobil tətbiqlər sığorta xidmətlərinə əlçatanlığı artırmaqla yanaşı, müştəri təcrübəsini də əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Rəqəmsal mühit həm xidmətlərin təqdim edilməsini sadələşdirir, həm də istifadəçilərin müraciət və geri dönüşlərini daha operativ və dəqiq şəkildə toplamağa imkan verir. E.Əmirov əlavə edir ki, bu yanaşma xüsusilə kənd təsərrüfatı, turizm və tibb kimi sahələrdə daha böyük əhəmiyyət kəsb edir, çünki həmin istiqamətlərdə operativ məlumat mübadiləsi və çevik xidmət çox vacibdir.
İqtisadçının fikrincə, informasiya çatışmazlığı və sığortaya etimadın aşağı olması hələ də sektorda çatışmazlıq olaraq qalır. Bu da öz növbəsində inkişafın tempinə təsir göstərir. Hüquqi prosedurlarda mövcud olan bəzi boşluqlar da bazarın tam potensialla fəaliyyət göstərməsini ləngidir. Buna rəğmən, hüquqi prosedurlarda ildən-ilə aparılan təkmilləşmələri iqtisadçı müsbət hal olaraq vurğulayır. Yəni hüquqi mexanizmlərin səmərəliliyinin artırılması sektorun prioritet ehtiyaclarındandır.
Sığorta sektorunda KYC-nin (KYC - Know Your Customer) rolu
KYC, yəni “öz müştərini tanı” mexanizmi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dünya ölkələrində rəqəmsallaşmanın gətirdiyi ən vacib yeniliklərdən biridir və Azərbaycanda da yeni anlayış deyil. ASA-dan verilən məlumatda bildirilir ki, bu mexanizmin sığorta sektoruna inteqrasiyası müştəri etimadının və şəffaflığın artırılmasına, risklərin daha dəqiq idarə olunmasına, eyni zamanda, saxta müqavilələr və dələduzluq hallarının qarşısının alınmasına mühüm töhfə verə bilər.
Bu prosesin effektivliyi üçün biometrik identifikasiya, video-üztanıma, məlumat mübadiləsi üçün API-lar və məlumatların qorunmasına dair hüquqi uyğunluq (AML) alətləri zəruri hesab olunur. Bu mexanizmlərin tətbiqi üçün ASAN İmza və e-Gov platformaları ilə inteqrasiya isə ən optimal həll variantı kimi dəyərləndirilə bilər.
E.Əmirov da o fikirlə razıdır ki, “öz müştərini tanı” modeli sığorta şirkətləri üçün risklərin daha dəqiq idarə edilməsi və qiymətləndirilməsi baxımından mühüm imkanlar yarada bilər. Bu model çərçivəsində tariflərin müəyyənləşdirilməsi və müştəri ilə iş prosesi fərdi yanaşma əsasında qurulur ki, bu da xidmətin keyfiyyətinə birbaşa təsir edir.
Bununla yanaşı, E.Əmirov elektron identifikasiya və rəqəmsal imzanın modelə tətbiqinin onu daha effektiv edəcəyinə inandığını da bildirib: “Bu yanaşma şəffaflığı artırır, müştəridə etimad formalaşdırır və eyni zamanda şirkətin də müştərisinə olan etibarını gücləndirir. Təbii ki, bu yanaşma düzgün tətbiq edildiyi halda aldatma və sui-istifadə hallarını da əhəmiyyətli dərəcədə azalda bilər”.
Risklər daha dəqiq qiymətləndirilir, tariflər fərdi müəyyən edilir
KYC modeli hər bir müştərinin fərdi risk profilinin yaradılmasına imkan verir. ABA-dan verilən məlumatlara əsasən, bu məlumatlar sığorta şirkətlərinin əlində olduqda onlar müştərilərə daha fərdiləşdirilmiş, yəni individual sığorta paketləri təklif edə biləcəklər. Məsələn, davranış əsaslı avtomobil sığortası, fərdi sağlamlıq proqramları, yaşayış yerinə uyğunlaşdırılmış əmlak paketləri kimi innovativ həllər buna nümunə ola bilər. Bu yanaşma dünyanın bir çox ölkəsində geniş tətbiq olunur. KYC modeli Türkiyənin sığorta bazarında da geniş tətbiq olunur və bu model innovativ sığorta məhsullarının inkişafını davamlı şəkildə sürətləndirir. Çünki bu model həm çarpaz satış imkanlarını artırır, həm də xüsusilə sığorta dələduzluğu hallarının qarşısının alınmasına kömək edir. Sadalanan bütün bu innovativ islahatlar Azərbaycan Respublikasının Mərkəzi Bankının “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda əsas hədəf indikatorları kimi müəyyən edilib.
KYC sistemi işə düşdükdən sonra sığorta şirkətləri müştərilər barədə topladıqları məlumat əsasında hər kəsə fərdi sığorta təklifləri təqdim edə biləcəklər. E.Əmirovun fikrincə, idmanla məşğul olan, siqaret çəkməyən, spirtli içki qəbul etməyən və ümumiyyətlə, sağlam həyat tərzi sürən şəxslər üçün daha aşağı tarif müəyyən olunması mümkündür. İqtisadçı fikirlərini onunla əsaslandırır ki, şirkət müştərisini yaxından tanıdığı halda, həmin şəxsin davranış və həyat tərzindən irəli gələrək sığorta hadisəsinin baş vermə ehtimalının aşağı olduğunu görür. Nəticə etibarilə ehtimal nə qədər aşağıdırsa, təklif olunan tarif də bir o qədər aşağı olacaq.
Bir sözlə, KYC və rəqəmsal alətlərin sintez edildiyi yeni sığorta modeli həm şirkətlər, həm də müştərilər üçün daha etibarlı, daha şəffaf və daha sərfəli bir ekosistemin formalaşmasını vəd edir.
Faiq KƏRİMOĞLU