Dövlət Gömrük Komitəsi Akademiyasının və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva konfransın panel sessiyasında çıxış edib.
Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının bölgədə yaratdığı yeni imkanları qeyd edən DVX rəisinin müavini bu imkanların iqtisadi inkişafa çevrilməsi və iqtisadi şaxələnmənin sürətləndirilməsinin qarşıda duran strateji çağırışlardan biri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin gələcəyinə uzunmüddətli baxışı müəyyən edir və 5 milli prioritetdən biri dayanıqlı, rəqabətədavamlı və şaxələnmiş iqtisadiyyatın formalaşdırılmasıdır. Bu istiqamət həm ölkənin iqtisadi təhlükəsizliyinin, həm də suveren inkişafının əsas sütunlarındandır.
Samirə Musayeva mövcud vergi qanunvericiliyinin əsas istiqamətləri, vergi siyasətinin modernləşdirilməsi, biznes mühiti üçün yaradılan yeni imkanlar, həmçinin Dövlət Vergi Xidmətinin ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb. Bildirib ki, iqtisadi islahatların mahiyyəti şəffaflığın artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsal həllərin geniş tətbiqi ilə səciyyələnir. Onun özlərinə görə, vergi qanunvericiliyi çevik xarakter daşıyır və dəyişikliklər əsasən iqtisadiyyatı tənzimləyən normalardan irəli gəlir. Gələn ilin büdcə parametrlərinə toxunan DVX-nin rəis müavini bildirib ki, dövlət büdcəsi gəlirlərinin 61,7 faizi vergi və gömrük orqanlarının xətti ilə formalaşacaq, bu da iqtisadi fəallığın artdığını və vergitutma bazasının genişləndiyini göstərir.
Samirə Musayeva vergi tənzimlənməsində ikili alətin tətbiq olunduğunu vurğulayıb. Birinci alət tənzimləmə xarakterli olub vergi təşviqləri, güzəştlər, sadələşdirilmiş hesabatlılıq və sahibkarlar üçün əlverişli mühitin formalaşdırılmasını əhatə edir. İkinci alət isə qanunsuz sahibkarlıqla mübarizədir. Bu kontekstdə DVX həm fiskal orqan, həm də iqtisadi sahədə cinayətkarlıqla mübarizə aparan qurum kimi fəaliyyət göstərir.
Rəqəmsallaşmanın çağırışlarından bəhs edən DVX rəisinin müavini qeyd edib ki, yeni texnologiyalar və rəqəmsal həllərin sürətli inkişafı biznes fəaliyyətinin virtual müstəviyə keçidini sürətləndirir. Belə əməliyyatların müəyyənləşdirilməsi və vergiyə cəlb olunması müasir dövrdə əsas çağırışlardan biridir. Bu baxımdan DVX rəqəmsal infrastrukturun gücləndirilməsi, böyük məlumatların (big data) analizi, vergi risklərinin idarə edilməsi və insan resurslarının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Tədbir qarşılıqlı fikir mübadiləsi, müzakirələr və praktiki təcrübələrin paylaşılması ilə davam edib.