Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə tikinti işləri qrafikə uyğun irəliləyir.
BP şirkətindən verilən məlumata görə, 2028-ci ilin sonunadək terminalın tam elektrikləşdirilməsini təmin etmək üçün indiyədək layihə üzrə üç əsas müqavilə imzalanıb.
1. Mühəndis-layihələndirmə, təchizat və tikinti (EPC) müqaviləsi
Təxminən 43 milyon ABŞ dolları dəyərində olan bu müqavilə “AzərEnerji” ASC-yə verilib. İş həcminə üç əsas fəaliyyət istiqaməti daxildir: yeni yarımstansiyanın tikintisi, yeraltı kabellərin quraşdırılması və hava elektrik ötürücü xətlərinin çəkilməsi və quraşdırılması. Bu müqavilə çərçivəsində bütün sahələr üzrə inşaat-hazırlıq işləri yekunlaşmaq üzrədir və növbəti mərhələdə avadanlıqların quraşdırılması və kabellərin çəkilməsi işlərinə başlanılması nəzərdə tutulur.
2. Tikinti və quraşdırma müqaviləsi
Dəyəri 19 milyon ABŞ dolları olan bu müqavilə “Azfen” MMC-yə verilib. Müqavilə üzrə iş həcmi transformatorların, sinxron kompensatorların, cərəyan məhdudlaşdırıcı reaktorların və yeni 110 kV-luq açıq paylayıcı qurğunun quraşdırılması da daxil olmaqla Səngəçal terminalında əsas elektrik infrastruktur işlərini əhatə edir. Müqavilə çərçivəsində terminalda tikinti işləri 2025-ci ilin avqust ayında başlayıb və əsas avadanlıqların quraşdırılması üçün bünövrə işləri daxil olmaqla bir neçə istiqamət üzrə irəliləməkdədir.
3. Mühəndis-layihələndirmə və təchizat müqaviləsi
7 milyon funt sterlinq dəyərində olan bu müqavilə Səngəçal terminalında mühəndis-layihələndirmə və təchizat işlərinin icrası üçün SOCAR KBR-a verilib. Müqavilə üzrə SOCAR KBR müfəssəl layihələndirmə, avadanlıqların tədarükü və təchizat prosesinin idarə edilməsi xidmətlərini göstərəcək. İş həcminə tikinti, istismar sınaqları və əməliyyatlara hazırlıq fəaliyyətlərinin planlaşdırılması üzrə dəstək də daxildir. Müqavilə çərçivəsində layihə fəaliyyətləri davam edir və hazırda əsas diqqət müfəssəl mühəndis-layihələndirmə və avadanlıqların tədarükünün sürətləndirilməsi işlərinə yönəlib.