Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 40-cı iclasında iştirak edib.
Nazirliyin məlumatına görə, iclasda gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi ilə bağlı qəbul edilən qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
İclas zamanı qlobal neft bazarındakı vəziyyət, hasilat səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair müzakirələr aparılıb. OPEC Katibliyi tərəfindən hazırlanmış və Əməkdaşlıq Bəyannaməsi ölkələrində 2027-ci il üzrə neft hasilatının baza səviyyələrinin müəyyən edilməsində istinad göstəricisi kimi istifadə olunacaq Maksimum Davamlı İstehsal Gücünün (MSC) qiymətləndirilməsi mexanizmi təsdiqlənib. Həmçinin OPEC Katibliyinə 2019-cu il 2 iyul tarixində imzalanmış Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olmaq üçün plan hazırlamaq və bu planı növbəti nazirlər görüşündə təqdim etmək tapşırılıb.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 41-ci iclasının gələn ilin 7 iyun tarixində keçirilməsi razılaşdırılıb.