“Auditorlar müstəqillik və qərəzsizlik prinsiplərinə əsaslanaraq, qeyri-maliyyə hesabatlarında baş verə biləcək manipulyasiyaların qarşısının alınmasında mühüm rol oynayırlar. Bu prinsiplər auditorun obyektiv və ədalətli mövqe tutmasını təmin etməklə yanaşı, hesabatların etibarlılığını və şəffaflığını da artırır”.
Auditorlar Palatasının sədrinin müşaviri Nəcəf Talıbovun sözlərinə görə, ölkə iqtisadiyyatı inkişaf etdikcə və dünyaya inteqrasiya gücləndikcə, iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır: “Milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Dayanıqlı inkişaf təbii ehtiyatların tükənməsinin qarşısının alınmasını, həmçinin dövlət orqanları, biznes strukturları və ictimaiyyət arasında bu sahədə effektiv və qarşılıqlı əməkdaşlığın təmin olunmasını tələb edir. Dayanıqlı inkişaf hər bir ölkənin, regionun və iqtisadi subyektin məsuliyyət daşıdığı mühüm bir bəşəri problemdir. Bu kontekstdə, yeni şəraitdə şəffaflığın təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Məhz şəffaflıq hesabatlılığın və obyektiv, keyfiyyətli informasiya təminatının əsası olmaqla resurslardan səmərəli və məqsədyönlü istifadənin təmin olunmasında dayanıqlı inkişafın mühüm amili kimi qiymətləndirilir”.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində informasiya əlçatanlığı, məlumatların toplanması, monitorinq və hesabatlılığın dayanıqlı inkişafın ən vacib elementləri kimi qəbul olunduğunu deyən N.Talıbov bu məqsədlərə nail olmaqda mühasib və auditorların mühüm rol oynadıqlarını vurğulayıb: “Mühasibat uçotu və auditin də korporativ dayanıqlı inkişafa dair yeni tələblərə uyğun transformasiyası aktualdır. Aparılan tədqiqatlar onu da göstərir ki, mühasiblər və auditorlar maliyyə hesabatlarını təqdim edərkən dayanıqlı inkişaf üzrə mövcud durum barədə öz mülahizələrini açıqlamaq, şirkətləri dayanıqlı inkişaf şərtlərini yerinə yetirməyə həvəsləndirmək və təşviq etmək, eləcə də ətraf mühitin mühafizəsinə və sosial məsuliyyətə dair idarəetmənin məlumat bazasını formalaşdırmaq kimi məsələlərin həllində vacib rola malikdirlər. Eyni zamanda auditorların və mühasiblərin məsuliyyətinin artırılması da günün vacib məsələlərindəndir. Bütün bunlar isə, öz növbəsində, mühasibat uçotu və audit sahəsində kadr hazırlığı prosesinə dayanıqlı inkişaf nöqteyi-nəzərindən yenidən baxılması və köklü dəyişikliklərin edilməsi məsələsini gündəmə gətirir”.
N.Talıbov əlavə edib ki, dünya təcrübəsinə əsasən, dayanıqlı inkişaf bir tərəfdən mühasiblər üçün, digər tərəfdən auditorlar üçün ciddi öhdəliklər yaradır. Əgər mühasiblər dayanıqlı inkişaf üzrə uçotun aparılması və hesabatların hazırlanmasına məsuldurlarsa, auditorlar həmin hesabatların dürüstlüyü və obyektivliyini təsdiq etməklə, onların şəffaf olması və düzgünlüyünə məsuldurlar: “Yaşıl maliyyə axınlarının izlənməsi, yaşıl layihələr üçün ayrılan vəsaitlərin düzgün istifadə olunması, karbon emissiyalarının ölçülməsi, izlənməsi və hesabatı, istixana qazlarının hesabat standartlarına uyğun təqdimatı, eləcə də vergi öhdəliklərinin yaşıl siyasətlərə uyğunlaşdırılması, ekoloji və sosial risklərin maliyyə hesabatlarında əks etdirilməsi mühasiblərin əsas vəzifələridir. Qeyri-maliyyə məlumatlarının düzgünlüyünün yoxlanılması isə auditorların öhdəsinə düşür”.
Fərqanə ALLAHVERDİQIZI