Belçikanın Antverpen şəhərində “Azərbaycanda biznes mühitinin gücləndirilməsi: sərmayələr, islahatlar və innovasiya” mövzusunda konfrans keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, konfrans Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.
Konfransda 50-dən çox iştirakçı, o cümlədən dövlət və hökumət nümayəndələri, Antverpen biznes dairələrinin təmsilçiləri iştirak ediblər. Tədbirin məqsədi sahibkarlıq subyektlərinə Azərbaycanın iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin dövlət-özəl tərəfdaşlığı modeli üzrə müzakirələr aparmaq olub.
Konfransda Azərbaycanın qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat və sənaye istehsalı üzrə geniş investisiya potensialı barədə məlumatlar təqdim edilib. Bildirilib ki, hazırda ölkənin sənaye zonaları 1540 hektar ərazini əhatə edir və burada 161 rezident fəaliyyət göstərir. Sənaye zonalarına indiyədək 4,6 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və 18 mindən çox iş yeri yaradılıb. 2024-cü ildə sənaye zonalarında ümumi istehsal həcmi 1,943 milyard dollar, ixrac isə 629 milyon dollar təşkil edib.
Vurğulanıb ki, Azərbaycanın gömrük və ticarət siyasətində həyata keçirilən islahatlar xarici ticarətin genişlənməsinə və ixrac imkanlarının artırılmasına şərait yaradır. İndiyədək Azərbaycan 12 ölkə ilə azad və preferensial ticarət sazişi, 49 ölkə ilə ikitərəfli investisiya sazişi, 57 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması üzrə razılaşma imzalanıb. Bu hüquqi baza investorlara yüksək səviyyədə təminat yaradır və regional bazarlara çıxışı asanlaşdırır.