Sosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur?

2025.12.22 16:26 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən verginin tutulması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, Azərbaycan mənbəyindən gəlirin əhatə dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə tənzimlənir.

Buna əsasən, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident sosial media platformaları tərəfindən elektron ticarət qaydasında göstərilən reklam xidmətlərinə görə əldə etdikləri gəlirlərdən ödəmə mənbəyində vergi tutulmur. Bununla yanaşı, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident sosial media platformaları tərəfindən rezident şəxslərə reklam xidmətlərinin göstərilməsi 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən, reklam xidmətlərinin göstərilməsi zamanı ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer hesab olunur.

Nəzərə çatdırılıb ki, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanmış verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o, hesablanmış vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsini verməyə borcludur.

Vergi Məcəlləsinə uyğun olaraq, vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 168-ci, 169-cu maddələri