AQEM-in Biznes Şurası çərçivəsində e-ticarət mövzusunda vebinar keçirilib

2025.11.21 13:15 (UTC+04:00)

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və AQEM Katibliyinin birgə təşkilatçılığı ilə “KOB-ların ticarətdə iştirakının gücləndirilməsi: e-ticarətin inkişafı ilə bazarlara çıxışın genişləndirilməsi” mövzusunda beynəlxalq vebinar keçirilib.

Onlayn formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərin müvafiq qurumlarının nümayəndələri iştirak edib. Vebinarda Azərbaycan, İordaniya, Rusiya, Hindistan və Tailanddan olan qurumların təmsilçiləri təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Azərbaycanın investisiya imkanları, KOB-ların qlobal bazarlara çıxışında e-ticarət platformalarının rolu, KOB-ların xarici iqtisadi fəaliyyətini e-ticarət vasitəsilə genişləndirmək üçün mövcud alətlər, e-ticarət sahəsində təlim və dəstək mexanizmləri barədə məlumat verilib. Tailandın KOB-ların rəqəmsal transformasiyası ilə bağlı təcrübəsi nümunə kimi təqdim edilib. Müzakirələrdə həmçinin, rəqəmsal platformalar vasitəsilə transsərhəd ticarətdə KOB-ların iştirakının artırılması, logistika həllərinin təkmilləşdirilməsi, AQEM-ə üzv dövlətlərin məsul qurumları arasında təcrübə mübadiləsi və birgə təşəbbüslərin reallaşdırılması üçün əməkdaşlıq imkanlarına toxunulub.

Qeyd edək ki, Azərbaycan 2024–2026-cı illər üzrə AQEM-ə sədrlik edir. AQEM yanında Biznes Şuraya Azərbaycan tərəfindən KOBİA rəhbərlik edir. Bu çərçivədə keçirilən vebinarlar KOB-ların regional ticarətdə iştirakının gücləndirilməsinə, üzv ölkələr arasında əməkdaşlıq və təcrübə mübadiləsinə xidmət edir.