Milli şəhərsalma və tikinti normativləri təkmilləşdirilir

2019.08.23 11:35 (UTC+04:00)

Nazirlər Kabineti "Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında" 2008-ci il 18 sentyabr tarixli qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə milli şəhərsalma və tikinti normativ sənədlərini hazırlamaq, respublika ərazisində tətbiq edilməsini həyata keçirmək tapşırılıb.

Eyni zamanda, milli şəhərsalma və tikinti normativ sənədlərinin hazırlanması zamanı "İnşaatda tikinti norma və qaydalarının, dövlət standartlarının tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin 1992-ci il 15 aprel tarixli qərarına əsasən qüvvədə saxlanılan tikinti normativ sənədlərinə (həmin sənədlərin yeni milli normativ sənədlərlə əvəz edilməsinədək), həmçinin MDB iştirakçısı olan ölkələrin tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurası və Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində qəbul edilərək respublika ərazisində qüvvəyə minən və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmayan dövlətlərarası normativ sənədlərinə (autentik tərcümə olunana qədər) tərcümə edilmədən istinad olunmasına yol veriləcək. Bu sənədlər Fövqəladə Hallar Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifələrində yerləşdiriləcək.