Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparat rəhbəri Tural İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib.
Dövlət Agentliyinin məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində keçirilən “Rəqabət və istehlakçıların müdafiəsi” mövzusunda IV Beynəlxalq Konfransda iştirak edib.
Üç gün davam edən konfrans çərçivəsində davamlı iqtisadi inkişafın təmin edilməsində rəqabət siyasətinin rolu, rəqabət mühitinin tənzimlənməsində qlobal yanaşmalar, eləcə də istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mövcud trendlər və çağırışlara dair təqdimatlar edilib, panel müzakirələri təşkil olunub.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi arasında Qarşılıqlı Fəaliyyət Planı imzalanıb.
Sözügedən sənəd iki qurum arasında rəqabət siyasəti və istehlakçı hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsini nəzərdə tutur.