Özbəkistanın françayzinq bazarı: azərbaycanlı sahibkarlar üçün yeni fürsətlər MƏQALƏ

2025.11.20 10:49 (UTC+04:00)

B2C françayzinqdə öndə gedir

B2C (business-to-consumer) sektorunda françayzinq daha sürətlə böyüyür. M.Azamov bildirir ki, kafe, restoran, “food & beverage” (qida-içki) və pərakəndə sahələr inanılmaz templə genişlənir. Son dövrdə təhsil və tibb sahələrində də bu model dinamik inkişaf mərhələsinə daxil olub. Müsahibimiz sadalanan istiqamətlərdə Azərbaycan üçün də real potensialın olduğunu düşünür.

Özbəkistan Azərbaycana françayzinq ixracında maraqlıdır

Özbəkistanın son iki illik təcrübəsi çərçivəsində təkcə restoran-kafe sektorunda 100-dən çox françayzinq şəbəkəsi bazara daxil olub. Paralel olaraq, bu ölkənin 30-dan çox restoran, kafe və fast-food brendləri xaricdə də fəaliyyətə başlayıb. Özbəkistanda ümumilikdə 600-dən çox françayzinq markası 20 minə yaxın françayzinq nöqtəsi yaradıb. M.Azamovun sözlərinə əsasən, hazırda bir neçə Özbəkistan şirkəti Azərbaycana françayzinq satmaqda maraqlıdır və bu istiqamətdə danışıqlar aparılır. Eyni zamanda, Azərbaycan brendlərinin Özbəkistana françayzinq yolu ilə çıxışı üçün geniş və praktik imkanlar mövcuddur.

Özbəkistan bazarına girişin yolu: sərgilər, kataloqlar, B2B görüşlər

Əhalisinin sayı 40 milyona yaxın olan Özbəkistan bazarı son illər dinamik inkişafı ilə iş adamlarının diqqətini çəkməyi bacarıb. Assosiasiya sədri bu bazara daxil olmağın ən praktik yolunun françayzinq sərgiləri olduğunu bildirir. Belə ki, paytaxt Daşkənddə ildə 2 dəfə keçirilən sərgilərə 5 mindən çox potensial françayzi qatılır. Belə tədbirlərdən biri bu ilin 3–4 dekabr tarixlərinə təsadüf edəcək 10-cu yubiley françayzinq sərgisidir. Azərbaycanlı sahibkarlar bu tədbirə qoşularaq françayzinq təkliflərini təqdim edə, eyni zamanda uyğun modellərin alınması ilə maraqlana bilərlər.

M.Azamov sədri olduğu qurumun Azərbaycan şirkətləri üçün özəl imkanlar yaratdığını və elektron kataloqlarda pulsuz tanıtım, eləcə də B2B (business-to-business) görüşlər üçün platforma təmin etdiyini də bildirib. Özbəkistanda fəaliyyətdə olan Françayzinq Dərnəyi məhz bu istiqamətdə sistemli iş aparır. Ölkədə artıq 100-dən çox türk markası fəaliyyət göstərir və Azərbaycandan gələn təşəbbüslər üçün də qapılar açıqdır.

“Made in Turan” vizyonu: türk dövlətləri üçün yeni fürsət pəncərəsi

Türk Dövlətləri Təşkilatının yaratdığı yaxınlaşma, iqtisadiyyatda “Made in Turan” ideyasının geniş vüsət alması françayzinqdə də güclərin birləşdirilməsi üçün yeni imkanlar açır. M.Azamov güc birliyinə diqqət çəkir:

“Artıq tək bir ölkənin böyük işlərə imza atması getdikcə daha da
çətinləşir, bu səbəbdən, inteqrasiya zərurətə çevrilib. Təşkilata üzv
ölkələrin dövlət başçıları bu yaxınlaşmanın təməlini qoyub,
biz - iş adamları isə bundan düzgün faydalanmalıyıq”.

Rəqəmsallaşma və süni intellekt: ağıllı böyümənin şərti

Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Özbəkistanlı mütəxəssisin sözlərinə görə, bu gün çox işləmək deyil, ağıllı işləmək bizneslərə daha yüksək qazanc gətirır və onu daha irəli aparır. Bu baxımdan, rəqəmsallaşma vacibdir və bunu etməyənlər tədricən güc itirərək bazarı tərk etmək məcburiyyətində qalırlar. Özbəkistanın son illərdə İT sektoruna yönəltdiyi ardıcıl və məqsədli investisiyalar bunun canlı sübutudur. Rəqəmsal transformasiya və sektora yatırılan vəsait milyardlarla dollarlıq ixraca çevrilərək iqtisadi dəyər yaradır və bazarın quruluşunu yenidən formalaşdırır.

Faiq KƏRİMOĞLU