Ə.Əhmədov əlavə edib ki, vergi inzibatçılığı və qanunvericiliyi sahəsində tətbiq olunan yeniliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması aktual olaraq qalır. Bu məqsədlə DVX tərəfindən müxtəlif resurslar və platformalardan istifadə edilməklə maarifləndirilmə tədbirləri həyata keçirilir: “Bəzi hallarda yeniliklərdən xəbərsiz olan sahibkarların hətta özlərinə aid vergi güzəştlərindən istifadə etməməsi halları müşahidə edilir. Bunların qarşısının alınması üçün vergi ödəyicilərinin maarifləndirilməsi önəmlidir. Ona görə də son illərdə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində görülən işləri xatırlatmağa ehtiyac duyuruq”.
İdarə rəisi onlayn növbə sisteminin sahibkarlara vaxt itirmədən xidmətlərdən yararlanmaq imkanı verdiyini bildirib. Bank hesabının açılması prosedurlarının sadələşdirildiyini deyən Ə.Əhmədov vurğulayıb ki, artıq vergi orqanından dublikat almağa ehtiyac yoxdur, VÖEN almış vergi ödəyicisi bank hesabının açılması üçün birbaşa banka müraciət edir: “Artıq ödəmələrin qaytarılması prosesinin izlənməsi üçün elektron sistem yaradılıb. “Kölgə iqtisadiyyatı” ilə mübarizə çərçivəsində xüsusilə son illərdə aktual olan riskli vergi ödəyiciləri üzrə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə qanunvericilik və inzibatçılıqda müvafiq dəyişiklik edilməklə “Kontragentləri araşdır” elektron xidməti yaradılıb. Bu xidmətdən istifadə həm vergi ödəyicilərinin təsərrüfat əməliyyatı aparacağı digər vergi ödəyicisi ilə bağlı məlumatların öyrənilməsi baxımından hüququ, həm də kontragentin müvafiq iqtisadi resurslara malik olmasının öncədən müəyyən edilməsinin qiymətləndirilməsi vəzifəsi kimi təsbit edilib. Qanunvercilikdəki ziddiyyətli məqamlar da müzakirə edilərək aradan qaldırılıb”.
Simpozium iştirakçılarının suallarını cavablandıran idarə rəisi iki mühüm məqama da toxunub. Onlardan biri vergi orqanlarına mənfəət (gəlir) vergisi ilə bağlı kameral uyğunsuzluq məktublarında qeyd olunan məlumatların verilməsi müddəti ilə bağlıdır. Həmin müddətin artırılması barədə biznes nümayəndələrindən çoxsaylı təkliflərin daxil olduğu nəzərə alınaraq, bu məsələyə yenidən baxılacağının anonsu verilib.
Digər narahatlıq doğuran məqam ƏMAS-la (“Əmək və məşğulluq“ altsistemi) inteqrasiyanın gücləndirilməsi barədədir. Sahibkarların vergi orqanlarına təqdim edilən muzdlu işlə bağlı bəyannamələrə uyğunsuzluqların verilməsi barədə fikirlərinə münasibət bildirən Ə.Əhmədov diqqətə çatdırıb ki, DVX-nin ƏMAS-la inteqrasiyası mövcuddur və qeyd olunan uyğunsuzluqlarla bağlı yaranan problemin həlli istiqamətində işlər görüləcək. Bundan sonra sahibkarların həmin narahatlıqları aradan qaldırılacaq.
Fərqanə ALLAHVERDİQIZI