Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 991,4 milyon ABŞ dolları dəyərində 51,1 mindən çox hibrid avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 1,9 dəfə, say baxımından isə 2,7 dəfə üstələyir.
Hesabat dövründə idxal edilən hibrid avtomobillərin strukturunda HEV (Hybrid Electric Vehicle) tipli avtomobillərin payı 26,7 faiz, PHEV (Plug-in Hybrid Electric Vehicle) tipli avtomobillərin payı isə 73,3 faiz təşkil edib.
Cari ilin ilk 10 ayında ölkəyə 286,7 milyon dollar dəyərində 13,6 mindən çox HEV avtomobilləri idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,8 faiz az, say baxımından isə 9 faiz çoxdur. Bununla yanaşı, 704,6 milyon dollarlıq 37,4 min ədəd Plug-in tipli hibrid elektrik avtomobilləri idxal edilib. Bu, bir il öncəki göstəriciləri müvafiq olaraq 3,4 və 5,8 dəfə üstələyir.
Ümumilikdə cari ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 1,79 milyard dollar (+20,8 faiz) dəyərində 94,5 mindən (+26,6 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 54,1 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 28,7 faiz bəndi çoxdur.