Naxçıvan üzrə icarə və özəlləşdirmədən büdcə daxilolmalarının həcmi açıqlanıb

2025.11.18 16:22 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətində olan əmlakların icarəyə verilməsi üzrə 222 yeni icarə müqaviləsi bağlanıb, 159 müqavilənin müddəti uzadılıb.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, hesabat dövründə qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə torpaq sahələrinin icarəsindən 274 min manat, qeyri-yaşayış sahələrinin icarəsindən isə 297 min manat olmaqla, ümumilikdə 571 min manat vəsait ödənilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə icarəyə verilən dövlət əmlakları üzrə daxilolmalarda 70 faiz artım deməkdir.

Bununla yanaşı, cari ilin ilk 10 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 58 hərrac təşkil olunub. Özəlləşdirilən 84 dövlət əmlakı üzrə 1,2 milyon manat vəsait daxil olub ki, bu məbləğin 898 min manatı Naxçıvan Muxtar Respublikasının büdcəsinə yönəldilib. Eyni dövrdə dövlət əmlakının registrindən 195 çıxarış verilib.