Türkiyənin sənaye nəhəngləri Bakıda: iqtisadi tərəfdaşlıqda yeni mərhələ MƏQALƏ

2025.11.18 10:49 (UTC+04:00)

Xatırlatma: 1952-ci ildə təsis edilmiş İstanbul Sənaye Palatası bu gün Türkiyənin ən tanınmış sənaye təşkilatıdır. 24 minə yaxın üzvü olan İSO, ölkənin sənaye sektorunda yaradılmış ümumi əlavə dəyərin 36,5%-ni, istehsal həcminin 31,3%-ni və məşğulluğun 29,1%-ni təmin edir. Təşkilat ətrafında tekstil, maşınqayırma, kimya, qida və elektrik avadanlıqları kimi müxtəlif sahələrdə istehsalla məşğul olan şirkətlər birləşib.

Türkiyə beton sənayesinin təcrübəsi Qarabağın yenidən qurulmasına töhfə verə bilər

Türkiyənin hazır beton sənayesində lider şirkətlərindən biri olan “Miltaş Beton”un nümayəndəsi Adem Genç hesab edir ki, Azərbaycan regionda tikinti sahəsində artan potensialı ilə seçilir. Onun sözlərinə əsasən, ölkəmizin tikinti sektoru, xüsusən Qarabağın yenidən qurulması fonunda, yeni investisiya və istehsal təşəbbüsləri üçün geniş imkanlar açır. İş adamı bildirib ki, hazır beton lokal məhsul olduğundan yerli tərəfdaşlarla əməkdaşlıq vacib amildir. Onun fikrincə, Azərbaycanda belə bir müəssisənin yaradılması üçün texnologiya və avadanlıq təminatında Türkiyə şirkətləri ən səmərəli seçim ola bilər. Bu istehsal avadanlıqları Almaniya kimi qabaqcıl ölkələrdən alınanlarla müqayisədə təxminən üç dəfə ucuz başa gəlir. “Miltaş Beton”un hesablamalarına görə, orta gücə malik bir beton zavodunun qurulması üçün təxminən 5 milyon dollarlıq sərmayə tələb olunur. Belə bir layihə həyata keçirildiyi halda, 50–60 nəfərlik yeni iş yerləri də yaratmaq mümkündür. A.Genç deyir ki, ölkəsi bu sahədə təkcə regional deyil, həm də qlobal miqyasda lider mövqedədir. Hazır beton istehsalında dünya birincisi olan Türkiyə Avropada istehsal edilən betonun yarıdan çoxu qədər məhsul ərsəyə gətirir. Bu sahədə illik istehsal həcmi 100 milyon kubmetrə çatır. “Miltaş Beton” Türkiyə xaricində Gürcüstan və Moldovada istehsal müəssisələri qurub. Mütəxəssis qeyd edir ki, Azərbaycanda sementə olan real tələbatın müəyyənləşdirilməsi üçün əvvəlcə bazar araşdırması aparılmalıdır. “Miltaş Beton” nümayəndələrinin Bakıya səfərinin əsas məqsədi də məhz yerli bazarı yaxından tanımaq və mümkün əməkdaşlıq modellərini dəyərləndirməkdir. Şirkət rəsmisi Azərbaycanda bu sahə üzrə fəaliyyət göstərən sahibkarları Türkiyə Beton İstehsalçıları Birliyinə üzv olmağa çağırır və bu addımın istehsal proseslərində innovasiyaların tətbiqini və daha qənaətcil istehsal modelinə keçidi sürətləndirəcəyinə inanır.

Azərbaycanın geyim sektoru dinamikdir və əməkdaşlıq üçün böyük potensial var

Təxminən yarım əsrlik istehsal təcrübəsinə malik olan Türkiyənin “MYN” firması kişi və qadın geyimləri - triko (hörmə) məhsullarının istehsalı ilə məşğuldur. Şirkət hazırda böyük ölçüdə məhsulları daxili bazar üçün istehsal etsə də, Şimali Avropa bazarına da çıxış əldə edib. Firmanın rəhbəri Metin Akyüz hesab edir ki, Azərbaycanın son illərdə göstərdiyi iqtisadi artım bu sahədə əməkdaşlıq üçün əlverişli imkan yaradır. Onun fikrincə, Azərbaycanda geyim sənayesi dinamik inkişaf mərhələsindədir və ölkənin artan bazar tələbi türkiyəli iş adamlarının diqqətindən yayınmır. Qeyd edir ki, iki ölkə arasında ortaq dəyərlərin və mədəni yaxınlığın mövcudluğu tekstil və triko sahəsində birgə layihələr üçün mühüm zəmin yaradır. Bu səbəbdən, keçirilən görüşlər tərəflərin bir-birini yaxından tanıması və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından önəmli rol oynayır.

“MYN” firmasının əvvəllər Azərbaycan bazarı ilə müəyyən ticarət əlaqələri olsa da, son illərdə bu istiqamətdə yeni təkliflər qeydə alınmayıb. Amma buna rəğmən, türkiyəli iş adamı üzbəüz görüşləri gələcək əməkdaşlıq üçün başlanğıc nöqtəsi kimi qiymətləndirir. Şirkət rəhbəri bildirir ki, triko istehsalı ixtisaslaşmış bilik və təcrübə tələb edən sahədir. Buna görə də mütəxəssislərin yerli işçilərlə bilik və bacarıq paylaşımı sistemli yanaşma tələb edir. Yəni bu proses uzunmüddətli əməkdaşlıq və təcrübə mübadiləsi sayəsində real nəticə verə bilər.

“MYN”-nin müəssisələrində işçilərin təxminən 60 faizini qadınlar təşkil edir. Onların bacarıqlarının artırılması, istehsal proseslərinə daha geniş cəlb olunması və bölgələrdə qadın məşğulluğunun genişlənməsi həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Azərbaycanın sənaye bölgələrini uğurlu model adlandıran iş adamının fikrincə, tətbiq edilən güzəştlər istehsal müəssisələrinin bu ərazilərə yönləndirilməsini stimullaşdırır ki, bu da kənd yerlərində məşğulluğun təmin edilməsinə əhəmiyyətli təsir göstərir.

M.Akyüz gələcəkdə rəhbəri olduğu firmanın Azərbaycanda yerli istehsalçılarla birgə layihələr reallaşdırmasını istisna etmir. Bu əməkdaşlıq formatı yalnız məhsul ixracı ilə məhdudlaşmamalı, qarşılıqlı təcrübə və texnoloji bilik mübadiləsini də əhatə etməlidir. Belə yanaşma hər iki tərəf üçün real iqtisadi qazanc gətirə və tekstil sənayesini sürətləndirə bilər.

İnşaat sektoru xarici şirkətlərin diqqət mərkəzindədir

Taxta qapı istehsalında ixtisaslaşan Türkiyənin “Artella” şirkəti Azərbaycan bazarında fəaliyyət imkanlarını istisna etmir. Şirkətin daxil olduğu “Aslandağ” qrupu İstanbul və Sakaryadakı müəssisələrində istehsal etdiyi məhsullarını, Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsinə satır. Şirkətin İdarə Heyətinin üzvü Aydın Aslandağ deyir ki, onlar yeni bazarlara daxil olarkən ilk mərhələdə satış dinamikasını izləyir, bazarın potensialını və tələbat səviyyəsini analiz edirlər. Bu yanaşma gələcəkdə daha səmərəli sərmayə qərarlarının qəbuluna imkan yaradır. O, Azərbaycan bazarının potensial bazarlar arasında olduğunu da bildirir və deyir ki, ölkədə inşaat sektorunun genişlənməsi, aktiv mənzil tikintisi və bu iqtiqamətə yatırılan investisiyalar əlverişli mühit formalaşdırır. İş adamı vurğulayır ki, Azərbaycan bazarında istehsal etdikləri məhsulların sabit satış göstəriciləri əldə olunarsa, burada istehsal müəssisəsi qurmaq məqsədəuyğun olacaq. “Artella” şirkəti son illər beynəlxalq fəaliyyətini genişləndirərək ABŞ bazarına da daxil olub - Nyu-Cersi, Boston, Florida, Çikaqo kimi ştatlarda artıq mağazaları fəaliyyət göstərir və satış dinamikası da müsbətdir. Satışların artması bu ölkədə yüngül istehsal müəssisəsinin qurulmasını zəruri edir.

Azərbaycanda bir neçə dəfə yerli sahibkarlarla görüşlər keçirən “Aslandağ” qrupunun üzvləri distribütorluq təklifləri də alıblar. A.Aslandağ deyir ki, məhz bu maraq şirkətin Azərbaycan bazarına daxil olmaq niyyətini daha da gücləndirir. İş adamı onu da vurğulayır ki, ikitərəfli görüşlər ticarət əlaqələrinin genişlənməsinə, əməkdaşlıq imkanlarının dərinləşməsinə və iki ölkə arasında sənaye inteqrasiyasının möhkəmlənməsinə töhfə verəcək.

Azərbaycan bazarı ilə uzunmüddətli əməkdaşlıq

İstanbulda fəaliyyət göstərən “Ali Raif Sanayi” şirkəti 63 illik təcrübəyə malik dərman istehsalçısıdır və 20 ildən çoxdur ki, Azərbaycan bazarında distribütor vasitəsilə dərmanlarını satışa çıxarır. Şirkətin baş icraçı direktoru Muzaffer Bal bildirir ki, diabet, qastroenteroloji, mərkəzi sinir sistemi və kardioloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərmanlar, Azərbaycanla yanaşı, Kosova, Albaniya, Moldova, Gürcüstan və Özbəkistanda da satışa çıxarılır. Şirkət bir neçə il öncə Avropa bazarlarına da şəkərli diabetlə mübarizə üçün dərman vasitələri ixrac edib. Hazırda “Ali Raif Sanayi” Türkiyədə ikinci böyük investisiya layihəsini həyata keçirir və yeni fabrikin açılışı gələn ilin martında reallaşacaq. Dörd ildən artıq davam edən bu layihənin tamamlanması şirkətin istehsal gücünü daha da artıracaq. M.Bal vurğulayır ki, Türkiyə xaricində birbaşa investisiya planı hələlik masa üzərində olmasa da, şirkət Azərbaycanı tanıdığı və güvəndiyi bir bazar kimi görür və gələcəkdə burada istehsal və sərmayə imkanlarını qiymətləndirməkdə maraqlıdır.

Faiq KƏRİMOĞLU