Naxçıvanda güzəştli kredit məbləğinin bölgüsü açıqlanıb

2025.11.17 15:36 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, cari ilin yanvar–oktyabr aylarında verilən kreditlərin ümumi məbləğinin 73,7 faizi sənayenin, 18,2 faizi kənd təsərrüfatının, 8,1 faizi isə xidmət sahələrin payına düşüb.

Qeyd edilən dövr ərzində güzəştli kreditdən yararlanan layihələrin 93,5 faizi, verilən güzəştli kreditlərin ümumi məbləğinin isə 70,5 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Müvafiq dövr ərzində Fond tərəfindən 123 layihənin maliyyələşdirilməsinə 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 milyon manat və ya 4,3 dəfə çoxdur. Layihələrin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə artıb. Maliyyələşdirilən kreditlər hesabına 310 yeni iş yeri yaradılacaq.