Moldovada bəzi vergilərin dərəcələri artırılacaq, əksər güzəştlər isə ləğv ediləcək

2019.08.22 16:33 (UTC+04:00)

Maliyyə naziri Natalya Qavrilova Beynəlxalq Valyuta Fondu ilə Moldova hökuməti arasında bağlanmış memorandumun şərtlərinin yerinə yetirilməsi ilə bağlı ölkənin fiskal siyasətinə həsr edilmiş mətbuat konfransında bildirib ki, 2020-ci il yanvarın 1-dən bir sıra fiskal güzəştlər ləğv ediləcək, bəzi vergilərin dərəcələri isə qaldırılacaq.

Aylıq qazancı 20 min leydən (2100 manat) artıq olan şəxslər üçün vergidən azadolma ləğv ediləcək. Fiziki şəxslər üçün gəlir vergisinin 12 faizlik vahid dərəcəsi isə dəyişməz qalacaq. Nazirin sözlərinə görə, ətraf mühitin çirkləndirilməsi üçün tətbiq olunan verginin dərəcəsi artırılacaq, plastik qabların istehsalı üçünsə verginin dərəcəsindəki artım 50 faiz olacaq. Qumar oyunlarının vergidən azad edilməsi, həmçinin HoReCa ("qonaqpərvərlıik sənayesi" xidmətləri – ictimai iaşə və mehmanxana təsərrüfatı) sektoruna verilmiş 10 faizlik əlavə dəyər vergisi üzrə güzəşt də ləğv ediləcək.

Ölkədə gömrük nəzarəti zonasında satılan neft məhsullarına tətbiq olunan vergi güzəşti aradan qaldırılıb, ərzaq talonları ləğv edilib. Bundan əlavə, "duty free" rejimində satışlar da məhdudlaşdırlıb.