Vergi orqanlarına birbaşa müsahibə yolu ilə işə qəbulla bağlı müsabiqənin keçirilməsi haqqında məlumat

2019.01.07 12:28 (UTC+04:00)

"Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"nin 1.7-ci bəndinə əsasən, test imtahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək. Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbulu elektron ərizə vasitəsilə 14.01.2019-cu il saat 10:00-dan başlanılacaq və il ərzində davamlı olaraq həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər:

• Baş mühasib vəzifəsində 3 ildən artıq işləmiş şəxslər;
• Mühasib vəzifəsində 5 ildən artıq işləmiş şəxslər;
• Vergi orqanlarında əvvəllər 5 ildən artıq audit, bəyannamə və istintaq sahələrində işləmiş xüsusi rütbəli şəxslər;
• Maliyyə, bank və iqtisadiyyatın digər sahələrində dövlət və ya özəl sektorda 5 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsi olan şəxslər;
• Hüquq sahəsində (məhkəmə, prokurorluq, vəkillik və s.) 5 ildən artıq iş təcrübəsi olan şəxslər.

Üstünlük verilən namizədlər:

• Elmi dərəcəsi, maliyyə və mühasibatlıq sahəsində fərqləndirici sertifikatlara malik olanlar;
• Xarici dillərin birini sərbəst bilənlər.

Tələb olunan sənədlər:

• Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;
• Sağlamlıq haqqında tibbi arayış;
• Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
• Məhkumluğun olmaması barədə arayışın surəti;
• Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti;
• Əmək kitabçasının surəti;
• Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri;
• Ali təhsil barədə diplomun (diplomların) surəti və Əlavə bilik və bacarıqlarını əks etdirən sertifikatların surətləri elektron ərizə (CV) formasına əlavə olunur.

Müsabiqədə iştirak haqqında məlumat:

• Namizədlər internet vasitəsilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.
• Elektron ərizəsi qəbul edilmiş namizədlərə müsahibənin keçirilmə vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

• məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
• üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
• qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər; (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla)
• müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar;
• dövlət vergi orqanları və ya işlədiyi digər qurumlarda əvvəllər yol verdiyi kobud nöqsanlara və ya xidməti fəaliyyətlə bir araya sığmayan hərəkətlərə görə işdən azad edilmiş şəxslər;
• yaşı 50-dən yuxarı olan vətəndaşlar.