2025-ci il noyabrın 12-də Daşkənddə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən Logistika Mərkəzləri və Yükdaşıyıcılar Alyansı, eləcə də Özbəkistanın Nəqliyyat Nazirliyi ilə birgə təşkil olunan Beynəlxalq Multimodal Nəqliyyat Forumu keçirilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) məlumatına görə, tədbirdə dövlət və özəl sektor nümayəndələri, aparıcı nəqliyyat və logistika şirkətləri, eləcə də Türk regionundan və onun hüdudlarından olan işgüzar dairələr daxil olmaqla 400-dən çox iştirakçı bir araya gəlib. Forum bilik mübadiləsi, faydalı müzakirələr və multimodal nəqliyyat marşrutlarının inkişafına yönəlmiş birgə təşəbbüslər üçün dinamik platforma rolunu oynayıb.
TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev çıxışında belə tədbirlərin hökumətlər və sənaye arasında körpü rolunu oynadığını, praktiki həllərin yaradılmasına və strateji nəqliyyat dəhlizlərində koordinasiyanın gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Baş katib Orta Dəhlizin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu marşrut yalnız məsafə və səmərəlilik baxımından deyil, həm də yüklərin təhlükəsizliyi və marşrutların şaxələndirilməsi baxımından xüsusi önəm daşıyır. Onun sözlərinə görə, Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 2023-cü ildəki 2,7 milyon tondan 2024-cü ildə 4,5 milyon tona yüksəlib və 2027-ci ilədək bu rəqəmin 10 milyon tona çatacağı proqnozlaşdırılır.
Forum çərçivəsində Türk dövlətlərinin nəqliyyat nazirlərinin, beynəlxalq təşkilat rəhbərlərinin, aparıcı şirkətlərin və sənaye ekspertlərinin çıxışları dinlənilib. İştirakçılar bir neçə panel sessiyada müzakirələr aparıblar.