2026-cı ilin büdcəsində təhsil xərcləri üçün 5 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur

2025.11.13 12:39 (UTC+04:00)

Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalının inkişafı dayanır. Təsadüfi deyil ki, son 10 ildə elmin inkişafına ayrılan dövlət vəsaiti iki dəfə artıb. 2024-cü ildə Azərbaycanda təhsil xərclərinə 4,5 milyard manatdan çox vəsait ayrılıb.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli noyabrın 13-də Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, 2026-cı ilin büdcəsində təhsil xərcləri üçün 5 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur. İnsan resurslarının inkişafı ilə bağlı qlobal çağırışlara cavab vermək üçün vətəndaşlara yeni bilik və bacarıqlar qazandırmağı hədəfləyən proqramlar həyata keçirilir. Təhsilin keyfiyyətinin artırılması, bütün təhsil səviyyələrində rəqəmsal biliklərin aşılanması, ömürboyu öyrənmək prinsipinin tətbiqi bu baxımdan xüsusi qeyd edilməlidir.

Bununla yanaşı, xaricdə beynəlxalq təcrübə qazanan on minlərlə gənc ölkənin iqtisadi inkişafına öz töhfələrini verdiyini qeyd edərək, Səməd Bəşirli bu kontekstdə İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə dəstəyi və ABŞ-nin “Coursera” şirkətinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası”nı misal çəkib və indiyədək Coursera platformasından 55 mindən çox vətəndaşın faydalandığını bildirib.