Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin BMT-nin İnkişaf Proqramı ilə birgə reallaşdırdığı "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" adlı layihə 500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradır.
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı zamanı qeyd edilib ki, ölkəmizdə ildən-ilə geniş miqyas alan özünüməşğulluq proqramında üstünlük verilən həssas qruplardan biri də əlilliyi olan şəxslərdir. Ötən il 1000 nəfərdən çox əlilliyi olan şəxs proqramdan faydalanaraq öz kiçik ailə təsərrüfatını yaradıb. Yeni layihə də ölkədə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi və kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün görülən işlərə dəstək məqsədi daşıyır.
Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olanların seçimi prosesi davam edir. Sonda 700 nəfər seçilərək təlimlərə cəlb ediləcək. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik müəssisə yaratmaq üçün mal və materiallar formasında dəstək veriləcək. Bundan sonrakı mərhələdə proqram iştirakçılarına müvafiq məsləhət xidmətləri göstəriləcək.