ABŞ Prezidenti "Apple" korporasiyasını istehsalatı Çindən çıxarmağa çağırıb

2019.08.22 12:34 (UTC+04:00)

Çindən idxal olunan mallara əlavə vergi tətbiq etməsi ABŞ-ın öz şirkətləri üçün də ciddi problemlər yaradır. Bu problemlərin həlli üçün Prezident D.Tramp Amerika şirkətlərinə yardım vəd edib: "Mən "Apple" kimi Amerika kompaniyalarına qısa müddət ərzində yardım edə bilərəm. Onlar bu zaman ərzində Çindən çıxmalıdır. Çünki yardım çox az davam edəcək. Əgər mən onlara yardım etməsəm, böyük problemlərlə üzləşə bilərlər". Vaşinqton administrasiyası rəhbərinin versiyasına görə, Çin xarici şirkətlərin öz istehsalatlarını bu ölkədən ABŞ-ın gömrük rüsumu tətbiq etmədiyi dövlətlərə köçürməsi səbəbindən son 18 ayda 2 milyard dollar itirib.

"The Wall Street Journal" nəşrinin məlumatında bildirilir ki, "Apple" "Mac Pro" kompüterlərinin istehsalı barədə Tayvanda yerləşən "Quanta Computer" podratçısı ilə müqavilə imzalayıb. Bununla yanaşı, Yaponiyanın "Nikkei" qəzeti Amerika korporasiyasının Vaşinqton və Pekin arasında ticarət mübahisələri səbəbindən öz istehsalat gücünün 15-30 faizini Çindən digər ölkələrə köçürülməsi variantını nəzərdən keçirdiyini yazıb.